“Ətağa”ya sitayiş etmək...

etagaya-sitayis-etmek
Oxunma sayı: 9910


Bu yaxınlarda əli-qolu sağlam, gənc bir oğlan avtobusa girib, bir-bir hərkəsdən pul istəməyə başladı. Biraz səssiz, ürkək gördüyü xanımlara toxunur, onları narahat edib, pul qopartmağa çalışırdı. 

Onlar da ürkür və çıxardıb pul verirdilər. Sadəcə bir xanım “əl çək” deyib, onu özündən uzaqlaşdırdı. Avtobusda ümumi aura isə belə idi : “Hər kəs ona yazıq gözüylə baxır və rəhm göstərirdi. O istəmədən pullarını hazır edirdilər. Hamının üzündə xeyirxah bir ifadə vardı.” Belə süni sifətləri görəndə hər zaman ürəyimdən bir əsəb vulkanı püskürür və bu insanları baltalamaq, üzlərində buçaqla müxtəlif formalı fiqurlar çəkmək istəyirəm.

Dilənçi yalvarmırdı, tələb edirdi. Pulları aldıqdan sonra heç kimə təşəkkür də etmədi. Səssizcə pulu yığdı və avtobusu tərk etdi.

Hər məşqdən sonra Gənclik metro stansiyasının yaxınlığındaki dönərçidən son qəpik quruşumla dönər alıb iştahla yeyərdim. Çox vaxt dönərimi gözünü mənə zilləmiş olan az yaşlı dilənçilərlə bölüşməli olurdum. Bir yandan yaxşılıq etdiyimi düşünürdümsə də, bir yandan da qarnımı doydura bilmədiyim üçün peşmançılıq çəkirdim. Ümumiyyətlə, uzun müddət dilənçilərə pul verib-verməmək mövzusunda daxili aləmimdə tərəddüt yaşamışam. Artıq, bəzən əlillərə və qocalara pul verməklə kifayətlənirəm.

Şəhər mərkəzində qarşıma çıxan dilənçilərə üz vermirəm, üzümü turşudub onları özümdən uzaqlaşdırıram. Xüsusilə də az yaşlılara qarşı amansızam. Çünki düşünürəm ki, əgər mən onlara pul versəm o dilənçilik etməkdən əl çəkməyəcək. Bizim insanımız isə pulu verərkən düşünməməyə üstünlük verir. Bəziləri səvab qazanmaq üçün, bəziləri isə sadəcə olaraq ürəyi yumşaqlıq edib bu uşaqlara pul verir və onları bunu təkrarlamağa sövq edirlər.

Mir Mövsüm ağa şəkillərini sırf səvab naminə dəfələrlə alan insanlar var. Belə məqamlarda dırnaq arası bir-iki ağıllı adam ortaya çıxıb, belə bir ifadə işlədir : “Qardaş, ümumiyyətlə, bu şəkilləri satmaq günahdı”. Yəni “ətağaya” sitayiş etmək günah deyil.

Əshabu-Kəhfdə bir neçə dəfə olmuşam. Nə vaxt Naxçıvana qonaq gedirəm, gəzmək adıyla məni bu “müqəddəs” oacağa gətirirlər. Nə yalan deyim, oradaykən çox gülürəm. Daşın ətrafında fırlanan insanlar, daşın üstündəki ağaca heyrətlə baxıb bunu Allahın möcüzəsi adlandıranlar, hər addım başı Allaha biraz da yaxınlaşdığını düşünən insanlar... İnsanların inancına, düşüncələrinə hörmətsizlik etmək istəmirəm. Amma gülünc və axmaq görünürsünüz. Ona görə yox ki, daşa, divara, ağaca və bəzi insanlara pərəştiş edirsiz. Ona görə gülünc və axmaq görünürsünüz ki bu inandıqlarınızı İslam dini ilə əlaqələndirib, dini də öz əməllərinizlə ləkələyirsiniz.

Bu yaxınlarda Mir Mövsüm Ağa ilə bağlı bir zarafat eşitdim, xoşuma gəldi. Azərbaycan və bir çox İslam ölkəsindəki geri qalmışlığın əsas səbəblərindən birini çox gözəl ifadə edir:

Bizim “Ətağamız”, onların isə Stefan Hokinqi (Stephan Hawking) var.

Nə qədər ki, biz daşa, divara, Mir Mövsümə sitayiş etməyə davam edəcəyik, Stefan Hokinq kimi dahiləri Avropa yetişdirəcək. Biz isə min il əvvəlki elmi nəalliyyətlərimizdən danışıb, hər şeyi bizdən oğurladıqlarını iddia edib özümüzə təsəlli verəcəyik.