Əti borca alanların bayramı

Əti borca alanların bayramı
Oxunma sayı: 3174

Emin Səfərov

Səhərin gözü açılmamış qonşu məni yuxudan yarımçıq oyadıb ki, gəl kömək elə, soyuducunu həyətə düşürək. Dedim, ay Qəzənfər, imkan ver yatım da, səhər-səhər nə olub? Qayıtdı ki, bəs, arvad evdə yır-yığış edir, istifadə etmədiyimiz əşyaları aşağı düşürdürük.

Fikirləşdim ki, yəqin yeni soyuducu alıblar, köhnəsinə də artıq ehtiyac olmayıb. Nə isə, anamın qırmızı şəpitini ayağıma keçirib yollandım qonşuya. Darvazadan içəri girər-girməz qarşıma Qəzənfərin uşaqları çıxdı. Məni görən kimi gülməyə başladılar. Dedim, nədi ə, köpəy uşağı, xeyirdimi, nəyə gülürsüz? Bunu demişdim ki, gözlərini ayağıma zillədilər. Sən demə, bunların üzündə təbəssümə səbəb olan baş barmağımın qaranlıq "zindan"a dözməyib, corabdan azadlığa çıxmasıdır.

Qısa arayış olaraq bildirim ki, Qəzənfər və xanımı Şuşadan məcburi köçkün düşüblər. Yayda nərd oynayanda demişdi ki, o vaxt Şuşada ikən bir əlləri yağda, biri də balda imiş. Həyətlərində saysız-hesabsız mal-qara, qoyun-quzu, meyvə ağacları və s. olub. Hər qonağa bir körpə quzu kəsənlərdən olub bizim bu Qəzənfərgil. 92-ci ildən sonra isə demək olar ki, Azərbaycanı məcburi köçkün kimi qarış-qarış gəzib, sonda da Bakıda məskunlaşıblar. Ailəlidir, 2 övladın atasıdır, dişi var, amma işi yoxdur.

Uşaqları axşam tonqal qalamaq üçün həyətə taxta yığana qədər biz də soyuducunu "podval"a düşürdük. Dedi, "sənin internetdən zaddan yaxşı başın çıxır, bunu lələfodu nədi, ora qoy, dəyər-dəyməzinə sataq". Köhnə "Çinar"ın şəkilini çəkib söz verdim ki, işə çatanda elanı yerləşdirəcəm.

Evə gəlib əyin-başımı geyinib, dayanacağa yollananda qarşımı ət satan Mürşüd kəsdi. Dedi, çoxdandı Qəzənfəri görmürəm, qonşun haralardadı? Nəyə görə soruşduğunu öyrənəndə, qayıtdı ki, bəs, yeni ildə 2 kilo ət alıb, hələ də pulunu verməyib.

Yalandan dedim, vallah, mən də səhər gedirəm, axşam gəlirəm. Heç Qəzənfəri görməyə imkanım da olmur. Görüb eləsəm, ismarıcını çatdıraram.

Qəssabın yanından ayrılanda başıma sanki qaynar su töküldü. Sən demə, qonşumun soyuducusunun buzluğu sonuncu dəfə əti yeni ildə dondurub. Artıq içi boş olduğu üçün də soyuducu istifadəsiz əşyaya çevrilib. Axşam bayram süfrəsinə nə qoyacaqlar, nə bişirəcəklər, nə yeyəcəklər, Allah bilir. İşdən qayıdanda yenə onlara baş çəkəcəm. Özü də yenə anamın qırmızı şəpiti, ucu cırıq corabla... Qoy heç olmasa, uşaqların üzündə təbəssüm yaransın.

214 nömrətli marşrutla Qara Qarayevə gəldim. Dayanacaqda "TORPAQ SATILIR, qiyməti 2000 AZN" elanını gördüm. Yadıma Ağdam düşdü...


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi