“Etirazçı obrazı” - Natiq Cəfərli Rusiyada keçirilən seçkiləri şərh etdi

etirazci-obrazi
Oxunma sayı: 2642

“Rusiya seçkilərində 17:00-a olan məlumata görə seçici aktivliyi 51,9% olub. Çox güman aktivlik sonda 55-60% civarında olacaq. Son məlumatlara görə ən az aktivlik böyük şəhərlərdədir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli Rusiyada keçirilən seçkiləri şərh edərkən deyib.

“Mərc gələ bilərəm ki, sonda ən böyük seçici aktivliyi Şimali Qafqazın müsəlman əhalisi arasında olacaq və Putinə ən yüksək səs də məhz Şimali Qafqazdan çıxacaq.

Böyük şəhərlərin səsverməyə getməməsi, Putinə ən az səslərin də böyük şəhərlərdən gəlməsi önəmli məsələni önə çıxardır: Moskva və Peterburq kimi şəhərlərdə həyat və gəlirlilik səviyyəsi ölkədə ən yüksəkdir, deməli avtoritar rejimlərdə etiraz kütləsini, əsasən, orta və “kreativ” sinif təşkil edir. Bəli onlar hələlik aktiv etirazçı kütlə deyil, amma potensial olaraq dəyişiklik məhz bu insanlardan gələcək, sadəcə onların kritik kütləsi artmalıdır.

Avtoritar rejimlərin ən böyük dayağı məhz savadsız və kasıb təbəqə, bir də “saray ziyalıları” olurlar. Tarix bunu dəfələrlə sübut edib. (Yeri gəlmişkən son referendumda Türkiyədə bütün böyük şəhərlərdə AKP uduzmuşdu)

Etirazçının cibi də, beyni də dolu olmalıdır, daha yaxşı yaşamağa çalışmalıdır. Etirazın ilkin anlarda siyasi konteksti olmaya da bilər, amma məhz cibi-başı dolu olan vətəndaş yaxşı təhsil, keyfiyyətli səhiyyə, normal sosial və kommunal xidmətlər istəyir.

Kasıb və az savadlı insanlar gündəlik qazanc haqqında düşünürlər, narazı olduqları hökumət yox, hökumətdə vəzifə tutan, amma bunlara əl tutmayan qohumları və tanışlarıdır...”