“Etirazım “Qurban, Qurban” qışqıran uşaqlara idi” - Qurban Qurbanov

etirazim-qurban-qurban-qisqiran-usaqlara-idi
Oxunma sayı: 3170

Azərbaycan Premyer Liqasının 15-ci turunda evdə “Qəbələ” ilə qolsuz bərabərə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Maraqlı oyun alındı. Yaxşı oyun izlədik. Hər iki komanda maraqlı oyun sərgilədi. Komandamdan razı qadım. Meydanda çox düşündülər. “Qəbələ”yə isə gələn oyunlarda uğurlar arzulayıram. Bu oyunda sadəcə, qol çatışmadı. Oyunçular hazırlıqdan yeni qayıtmışdılar. İkinci hissədə daha yaxşı oynadıq. Qarşıdakı vaxtda oyunumuzu daha da təkmilləşdirməyə çalışacağıq.

- Ramil Şeydayev yenə ehtiyatda qaldı. Bu oyunçuda nə çatışmır?

- Futbol elədi ki, ola bilsin, bir oyunçu bütün mövsümdə şans qazansın. Ramil öz üzərində çox çalışan oyunçudu. Bizim futbolçulardan öz tələblərimiz var. Bu gün oyunun gedişatı bunu tələb etdi. Oyunçu var ki, komandaya tez uyğunlaşır. Bəzi oyunçular da var ki, onlara vaxt lazımdı. Təəssüf ki, hələ ki, onda alınmır. Ona inamım böyükdür. Əsas odu, onda istək var.

- Oyundan sonra azarkeşlərlə nə danışdız?

- Azarkeşlərimizi həmişə rəğbətlə qarşılamışam. 20-25 yaşlı uşaqlar "Qurban, Qurban" deyə qışqırırdılar. Etirazım buna idi. Gənc yaşda belə kiçik etiraz... Yenə də azarkeşlərə sağ ol deyirəm. Məncə, diqqətli olsalar, daha yaxşı olar.

- Qışda komandaya transfer etmədiz. Bu, çempionluğa oynayan komanda üçün problem olmayacaq ki?

- Heyətimiz elə də kasad deyil. Qara Qarayev, Miçel, Əfran İsmayılov zədəli idi. Onlar tam sağalandan sonra daha yaxşı olacaq. Qarşıda cəmi 14 oyunumuz var. Avroliqa, Çempionlar Liqasında mübarizə apardığımız zaman oyunçuya daha çox ehtiyacımız var idi. Düzdü, 2 transfer etmək istəyirdik. Lakin təəssüf ki, alınmadı.

- Bu gün meydanda millinin də üzvləri var idi. Onların oyununu necə dəyərləndirirsiz?

- Hazırlıq müddəti yeni bitib. Bunu nəzərə alsaq, milli üzvlərinin oyununu yaxşı dəyərləndirərdim. Meydanda yaxşı sürət, yaxşı mübarizə gördüm.

- Bu oyuna millinin baş məşqçisi kimi də baxa bildiz?

- Xeyr.

- Köməkçiniz Namiq Yusifovun komandadan göndərilməsinin səbəbi nədir?

- Bundan öncə də məşqçilər işdən çıxarılıb. Kimi tələblərimizə uyğun olmayıb, kimi isə başqa fikirdə olub. Namiq tələblərimizə uyğun olmadı. Bizim iş prinspilərimizdə bəzən bir məşqçi 3 saat yox, laızm olduqda 8 saat da işləməlidi. Buna görə, onunla yollarımızı ayırdıq. Bu, elə işdi ki, bu gün burdayıq, sabah burda olmaya bilərik.

- “Qarabağ”ın aşağı yaş qruplarında çalışa bilər?

- Bildiyim qədər onun C kateqoriyası var. İşləmək üçün təhsil almaq lazımdır. Futbolçu olan hər bir insan məşqçi işləyə bilməz. Ola bilsin, gələcəkdə təhsil alar, oxuyar ondan sonra bu barədə danışa bilərik.

- Yaroslav Deda Antalyaya əsas komanda ilə yollanmışdı. Onun əsas komandaya keçməsi ehtimalı var?

- Gələcəkdə özünü yaxşı göstərsə, komandaya götürülə bilər. Ümumiyyətlə, hər bir gənc futbolçu nəzarətimizdədi.

- Nicat Süleymanov necə, əsas komandada möhkəmlənə bilər?

- Onun əzmkarlığı, çox çalışması xoşuma gəlir. Öz üzərində çalışsa, gələcəkdə əsas komandada çıxış edə bilər. Yaxşı mübarizə aparır, çalışır. Təkcə o yox, 4-5 gənc futbolçu var ki, onların inkişafına da vaxt ayırırıq.