“Ətrafımdakı qızlar hisslərimin obrazıdır” - Simanın “Eşq”i

etrafimdaki-qizlar-hisslerimin-obrazidir
Oxunma sayı: 2886

Gənc müğənni Sima Nəsirova yeni klipini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, sözləri Leyli Erola, musiqisi Tərlan Məmmədhüseynova məxsus “Eşq” mahnısını rejissor Orxan Məmmədli ekranlaşdırıb. 

“Qafqazinfo” xəbər verir ki, yeni layihə üçün jurnalistlərlə görüşən Sima ona verilən sualları cavablandırıb.  7 ildir ki, sənətdə olduğunu deyən müğənni tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib:

“İlk öncə dəvətimi qəbul edib gəldiyiniz üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Səhnəyə gəldiyim ilk gündən həmişə çalışmışam ki, başqaları kimi olmayım. Seçilmək, fərqlənmək daim əsas istəyim olub. İnanıram ki, klipi izləyən hər kəs bu fərqi hiss edəcək. Bir etiraf edim, sənətimlə bağlı arzularımda daim belə bir günü arzu edirdim. Allah-Təala həmin xəyallarımı gerçək etdi. Peşəkar səhnədə olduğum 7 il ərzində ilk dəfədir həm özüm-özümə, həm də sizin qarşınızda hesabat verirəm. Nə gözəl ki, ilk təqdimatım da məhz "Eşq" mahnıma çəkilən klipə oldu.

Mən eşqi də məhəbbəti də sənətimdə tapmışam. Həyacanlı olsam da ilk böyük layihədə yanımda olan bütün komandamıza təşəkkür edirəm. Klipin süjet xətti yoxdur. Orxanın ideyasına görə, ətrafımdakı qızlar, mənim arzu və hisslərimin obrazıdır. Onlar mənim iç dünyamı, sənətimə necə aşiq olduğumu ekranlara daşıyır. Ümidvaram ki, geniş izləyici auditoriyası çəkdiyimiz bu zəhmətə layiqincə qiymət verəcək. Əziz jurnalistlər və çox hörmətli sənət dostlarım. Sağolun ki, ilk böyük işimdə yanımdasınız”. 

Təqdimat mərasiminə xalq artisti Gülyaz Məmmədova, Rüstəm Zeynallı, müğənnilər Nazim Pişyari, Əbdül Xalid, Rahidə Baxışova, Elvin Abdullayev, Vüsal Hacıyev, Rüfət Axundov, prodüserlər Tarix Əliyev, Təranə Səmədova, Zamiq İbrahimov və Xəzər TV-nin proqramlar departamentinin rəhbəri Kənan Bayramov iştirak edib.

Qeyd edək ki, Sima Nəsirovanın ifa etdiyi ilk mahnı “Bağışla məni” adlanıb. O, daha sonra “Peşman deyiləm “, “Yetər”, ” Salam Xalqım”, “Yalan sevgin”, “Gəl”, “Heyranınam “, “Susma belə “belə kimi bəstələri də səsləndirib və bir neçəsini ekranlaşdırıb.