“Eurovision 2012” təmsilçisi ad gününü Bakıda keçirəcək

eurovision-2012-temsilcisi-ad-gununu-bakida-kecirecek
Oxunma sayı: 652

- Türkiyə mediasında “Eurovision 2012” təmsilçisi kimi bir neçə müğənninin adı çəkilirdi. Sizin "Eurovision 2012" təmsilçisi seçilməyiniz bir qədər sürpriz oldu. Bəs Sizin üçün necə?
- Əvvəlcə bütün Azərbaycanlı dostlarıma salamlarımı göndərirəm. Mən may ayında Azərbaycanda keçiriləcək Eurovision Mahnı Müsabiqəsində Türkiyəni təmsil edəcəm və bundan çox həyəcanlıyam. Həqiqətən “Eurovision”da Türkiyə adından çıxış etmək mənim üçün də böyük sürpriz oldu. Bu müddətdə yalnız bir albomum işıq üzü görüb və bunun üzərindən hələ heç bir il keçməyib. Amma TRT Eurovision 2012-də mənim təmsilçiliyimə qərar verdi. TRT-nin bu qərarını çox cəsur addım kimi qiymətləndirirəm. Belə bir məsuliyyətli işin mənə həvalə olunması həyəcanvericidır. Buna layiq görüldüyüm üçün də TRT kanalına təşəkkür edirəm. Əslində bu qərar həm də Türkiyədə yeni musiqiçilərə bir dəstək və stimul xarakteri daşıyır.

- Əvvəllər “Eurovision”da çıxış etmək arzusunda olmusunuzmu?
- Daha öncə “Eurovision”da Türkiyəni təmsil etmək kimi xəyalım yox idi. Amma hər halda bu hadisə ürəyimcə oldu və Türkiyəyə uğur gətirəcəyimi düşünürəm. Türkiyəni ən yaxşı şəkildə təmsil etmək üçün bütün bacarığımdan istifadə edəcəm.

- Sizin mahnılarınız arasında rok üslubuna rast gəlinir. Builki yarışmada Türkiyənin mahnısı rok, alaturka, yoxsa başqa üslubda olacaq?
- Biz alaturka və roku eyni anda istifadə edirik. Buna inovativ musiqi deyilir. Güman edirəm ki, elə “Eurovision”da da Türkiyəni öz üslubumuzdakı musiqi ilə təmsil edəcəyik.

- Eurovision 2012-də ifa edəcəyiniz mahnı hansı tarixdə açıqlanacaq?
- Bakı səhnəsində ifa edəcəyimiz mahnı fevralın ortalarında məlum olacaq. Ümid edirəm ki, seçiləcək mahnı Türkiyəyə və mənə uğur gətirəcək.

- Siz bu ilin mayında 25 yaşınızı qeyd edəcəksiniz. Ola bilsin ki, builki ad gününüzü Azərbaycanın paytaxtı Bakıda keçirəsiniz. Bakıdakı ad gününüzü necə təsəvvür edirsiniz?
- Doğum günüm mayın 16-dadır. Həmin tarixdə Bakıda olmaq ehtimalı çoxdur. Təbii ki, ad günümü Bakıda qeyd etmək çox keyfli olacaq.

- Azərbaycan Eurovision Mahnı Müsabiqəsindəki iştirakının 4-cü ilində ilk qələbəsini qazandı və artıq möhtəşəm Eurovision şousuna ev sahibliyi edir. Bu şoudan nələr gözləyirsiniz?
- Ötən il Azərbaycan çox uğurlu mahnı və performansla birinciliyi qazandı. Düsseldorfdakı mahnı və çıxış çox gözəl və uğurlu idi. Ümid edirik ki, bizim Bakıdakı çıxışımız da bəyəniləcək. Buradan Azərbaycandakı dostlarımıza salamlarımı çatdırıram. Yaxın zamanlarda Bakıya gələcəm. Azərbaycanın bizi çox yüksək səviyyədə qəbul edəcəyinə əminik. Görüşmək ümidilə!