“Eurovision 2012” üçün xüsusi tur-paketlər hazırlanacaq

eurovision-2012-ucun-xususi-tur-paketler-hazirlanacaq
Oxunma sayı: 639

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, hazırda "Eurovison 2012" ərəfəsində ölkəyə gələcək turistlərin sayı müəyyən olunur. Bu saya müvafiq olaraq, xüsusi tur-paketlər hazırlanacaq.

"Orada bütün xidmətlər - Azərbaycan hava limanında qarşılanmadan yola salınmasına qədər xidmətlər bir paket çərçivəsində təqdim olunacaq. Bu xidmətlərin təşkili üçün həm mehmanxanalar, həm yeməkxanalar, həm də nəqliyyat vasitələri ilə danışıqlar gedir. Bununla yanaşı, təklif olunacaq tur-paketlərə şouya olan biletlərin də daxil olunması üçün işlər aparılır", - nazir qeyd edib.

Qarayevin sözlərinə görə, "Eurovision 2012" mahnı müsabiqəsi üçün turistlərə təklif olunacaq tur-paketlər hazır olduqdan sonra - gələn ildən etibarən Azərbaycan Turizm Assosiasiyası internet vasitəsilə bu barədə geniş məlumat verəcək.

"Mən bu işdə hələlik böyük problem görmürəm. Mən buna böyük marağı - bütün mehmanxana və turizm şirkətləri tərəfindən bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün var qüvvə ilə çalışmalarını görürəm. İnanıram ki, belə də olacaq", - Qarayev əlavə edib.