“Eurovision-2012”də “Azərsu” gücləndirilmiş iş rejimində çalışacaq

eurovision-2012de-azersu-guclendirilmis-is-rejiminde-calisacaq
Oxunma sayı: 677

Bu məqsədlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində müvafiq Komissiya və Qərargah yaradılıb, qısa müddətdə Tədbirlər Planı hazırlanaraq onun icrasına başlanılıb.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, ilk növbədə xarici qonaqların yerləşəcəyi mehmanxanaların, ictimai iaşə obyektlərinin, əyləncə və ticarət mərkəzlərinin ünvanları müəyyən edilib, həmin obyektləri su ilə təchiz edən anbarların, boru xətlərinin, məhəllədaxili nasos stansiyalarının və digər qurğuların siyahısı dəqiqləşdirilərək onların təhlükəsizliyi və istismarına diqqət artırılıb. Müsabiqə zamanı qonaqları qəbul edəcək otellərin su anbarlarının vəziyyəti bir daha təftiş edilib, onların giriş borularının diametri, gündəlik su sərfi və alternativ giriş xətlərinin imkanları araşdırılıb.

Müsabiqə ərəfəsində, eləcə də yarış günlərində su və kanalizasiya sisteminin davamlı iş rejimini təmin etmək üçün növbətçilik qrafiki hazırlanıb və müəyyən olunmuş yerlərə növbətçi məsul şəxslər təyin edilib. İstehlakçılara verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə magistral kəmərlərdə təmir-bərpa, anbarlarda profilaktika işləri aparılıb. Belə ki, İ. Nəbiyev 2A ünvanında yerləşən su anbarı, “+ 69 Qərb” su anbarı bütünlüklə, “+160 Qərb” su anbarının əsas seksiyaları yuyularaq dezinfeksiya edilib. Bütün bunlarla yanaşı “Azərsu” ASC-nin balansında olan məhəllədaxili su anbarlarının da yuyulması təmin edilib. Tərtib olunmuş qrafikə uyğun olaraq yuyulub-zərərsizləşdirilmiş anbarlar suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Sanitar və Epidemilogiya Mərkəzinin təqdim etdiyi arayışlar əsasında istismara buraxılıb. Bu istiqamətdə görülmüş işlərin davamı olaraq anbarlar lazımi reagent və reaktivlərlə təmin edilib.

Müsabiqə ərəfəsində əhalinin içməli su təchizatının yaxşılaşdırılması, paytaxtın yol infrastrukturunun yenidən qurulması nəzərə alınaraq yeni xətlər çəkilib, həmçinin təmir-bərpa işləri aparılıb. Suyun səmərəli paylanması məqsədilə Səbail rayonu “Ramada” oteli və “Dostluq” istirahət mərkəzinin yaxınlığından keçən magistral xəttin üzərində yeni siyirtmə quraşdırılıb, A. Abbaszadə və M. Müşfiq küçələri boyunca 2100 metr uzunluğunda xəttin inşası başa çatdırılıb. “+110 Qərb” və “+ 69 Qərb” su anbarları arasında inşa edilmiş 1200 mm diametrli əlaqələndirici xətt istismara verilib.
Təmir-bərpa işlərinin operativliyinin təmin edilməsi və onlar arasında etibarlı kommunikasiya əlqələrinin təşkil edilməsi məqsədi ilə operativ qəza-bərpa qrupları yaradılıb. Qəza-bərpa qrupları lazımı material və avadanlıqlarla təmin edilib. “Bakı Sukanal” İdarəsinin təqdim etdiyi arayışa əsasən 8 qəza-bərpa qrupunun hər biri üçün dislokasiya yeri müəyyən edilib, onlar lazımi texnika və avadanlıqla təchiz edilib. Qəza-bərpa qrupları ilə Qərargah arasında etibarlı kommunikasiya əlaqələrinin təşkil edilməsi və zəruri informasiyaların operativ ötürülməsi məqsədi ilə müsabiqə ərəfəsində müvafiq səlahiyyətli şəxslər rabitə vasitələri ilə təmin edilib.
Mahnı müsabiqəsinin keçirildiyi günlərdə su anabarlarının mühafizəsini tam təmin etmək məqsədi ilə mühafizə olunan bina və qurğularda mühafizə xidməti əməkdaşları xüsusi təlimatlandırılıb və gücləndirilmiş iş rejiminin tətbiq olunması diqqətə çatdırılıb.
“Azərsu” ASC istehlakçılardan xahiş edir ki, müsabiqənin keçirildiyi günlərdə su təchizatı və kanalizasiya xidmətləri ilə əlaqədar yarana biləcək hər hansı problemlə bağlı dərhal 955 saylı “Qaynar xətt” xidmətinə məlumat versinlər.
Nigar Məmmədli