Eurovision-un loqo və şüarının prezentasiyası olacaq

eurovision-un-loqo-ve-suarinin-prezentasiyasi-olacaq
Oxunma sayı: 652

Bu barədə şənbə günü Trend-ə "Eurovision" Mahnı Müsabiqəsinin Təşkilat Komitəsindən məlumata veriblər. Məlumatda bildirilib ki, yanvarın 25-də Eurovision Mahnı Müsabiqəsinə ev sahibliyi edən Bakıda bir neçə təntənəli mərasim keçiriləcək. Həmin gün "Buta Palace"da Eurovision Mahnı Müsabiqəsinin açar təqdimetmə, müsabiqədə təmsil olunan ölkələrin yarımfinal mərhələləri üzrə püşkatması və Eurovision Mahnı Müsabiqəsi 2012-nin loqo və şüarının prezentasiyası olacaq.

Müsabiqənin əsas mərasimlərindən olan açar təqdim etmə mərasimində Eurovision 2011-ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers Eurovision Mahnı Müsabiqəsinin rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edəcək. Bununla da Bakı Eurovision 2012-yə ev sahibliyini rəsmən qəbul edəcək.

"Buta Palace" da keçiriləcək Açar Təqdimetmə mərasimindən sonra Eurovision Mahnı Müsabiqəsi 2012-də yarımfinallarda iştirak edəcək 37 ölkə arasında püşkatma olacaq. Həmçinin "Böyük beşliyin" (Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya) və keçən ilki müsabiqənin qalibi olan Azərbaycanın hansı yarımfinalı yayımlayacağı və səsvermədə iştirak edəcəyi də müəyyən olunacaq.

Yarımfinal mərhələlərində iştirak edən ölkələrin Eurovision 2012-də çıxış ardıcıllığı isə mart ayında nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatma nəticəsində bəlli olacaq.

Tədbirin vacib məqamlarından biri Eurovision Mahnı Müsabiqəsi 2012-nin konsepsiyasının təqdimatı olacaq. Möhtəşəm Eurovision axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanacaq.

2004-cü ildən etibarən Eurovision Mahnı Müsabiqəsinin içərisində ev sahibliyi edən ölkənin bayrağı əks olunmuş ürək şəkilli logosu var. Buna baxmayaraq, hər il ev sahibi olan ölkə həmin loqoya dəstək olaraq öz loqosunu, başqa sözlə müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim edir.

Eurovision Mahnı Müsabiqəsi 2012-nin ilk təntənəli tədbirində Avropa Yayımları Birliyinin nümayəndələri iştirak edəcək.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən Eurovision Mahnı Müsabiqəsində qələbə qazanaraq Avropanın məşhur yarışmasına ev sahibliyi hüququ əldə edib.
May ayının 22, 24-də Eurovision 2012-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən 5 ölkə-Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.