Evdə oturmaqla kriminal avtoritetə çevrilmək olmur

Evdə oturmaqla kriminal avtoritetə çevrilmək olmur
Oxunma sayı: 2169

Qan Turalı

“Dekster” (Orijinalda Dexter) fenomenə çevrilmiş məşhur Amerika serialıdır. Dekster qəhrəmanın adıdır, o Mayami polisində qan sıçrayışı üzrə ekspert vəzifəsində çalışır.

Serial 7 sezon yayımlandı və bu müddətdə Dekster 130-dan artıq adam öldürdü. Dekster silsilə qətllər törədən bir killerdir, lakin o bir qayda olaraq başqa insanlara pislik edənləri, uşaq qatillərini hədəfə alır. Bu mənada Dekster öz düşüncəsinə görə çox haqlıdır, çünki o günahkarları cəzalandırır. Polisdə çalışdığına görə cinayət törədərkən heç bir iz qoymur, buna görə də onu yaxalamaq mümkün deyil.

Və bir anda Dekster bütün Amerikanın qəhrəmanına çevrildi.
Niyyətim cəmi bircə seriyasına baxdığım serialı sizə təbliğ etmək deyil. Əslində Azərbaycanda bu serialın da kifayət qədər tamaşaçısı var.

Bəs bu serial dünyada nəyi dəyişdi? Çox şeyi!!!

2014-cü ildə Dekster heyranı olan ingilis Steven sevgilisini öldürdü və məhkəmədə Deksterə bənzəmək istədiyi üçün bu cinayəti törətdiyini bildirdi.  Ömürlük həbs cəzası aldı. Yenə bu ildə, yenə İngiltərədə 21 yaşlı gənc anasını 53 dəfə bıçaqlayaraq öldürdü. Facebookdakı profil fotosu Deksterin fotosuydu.

Ən məşhur Dekster heyranı qatil isə rejissorluq xəyalları quran Mark Tvitçeldir. Qadın adı ilə açdığı saxta profillərdən tələyə saldığı iki adamı öldürdü. Həbsdə ən böyük arzusu Deksterin dördüncü sezonuna baxmaq idi.

Başqa misallar da var. (Yeri gəlmişkən, misallar professor Sevil Atalayın “Əcayib işlər” kitabından götürülmüşdür).

Əlbəttə ki, nə Dekster romanlarını yazan yazıçı, nə onu filmə çəkənlər qarşılarına belə bir məqsəd qoymamışdılar. Sadəcə olaraq maraqlı hesab etdikləri bir mövzunu ekranlaşdırmışdılar. Niyyət nəyi dəyişir ki? Fakt budur ki, cəmiyyətdə sosial ədalət paylayan bir killer insanlara bu cür təsir edə bilir.
Aydın məsələdir ki, sosial ədaləti dövlət paylamalıdır, cinayətkarları dövlət cəzalandırmalıdır. Hərə əlinə bir balta alıb ədalət paylasa xaos olar. 
Bir çox sosioloq və psixoloqlar bu cür filmlərin insanalarda çox yanlış rol modelləri yaratdığını və qatillərə simpatiya bəsləndiyini bildirir.

Son qeyd: Adətən bu cür qatillər əsasında filmlər çəkilirdi, burda isə film özü real həyatda qatillər yaratmağa başladı. 

İndi ölkəmizə qayıdaq. Ölkəmizdə silsilə qətllər törədən qatil yoxdur. Doğrudur. Amma  sosial ədaləti başqa yollarla bərpa etməyə cəhd edən adamlar var.
XIX əsrdə bu funksiyanı qaçaqlar öz üzərlərinə götürmüşdü.Ondan da əvvəlki dövrləri, “Koroğlu” dastanını xatırlayaq. 

Koroğlu bizim milli qəhrəmanımızdır. İngilislərin Robin Qudu, isveçrəlilərin Vilhelm Telli kimi. Bu gün isə onların yerinə alternativ (yəni dövlətdən əlavə) sosial ədalət daşıyıcısı kimicinayətkar dünya var. Qaçaqlar avtoritetlərlə əvəzlənib. Və cəmiyyətdə xüsusən gənclərdə onlara rəğbət böyükdür. 

Dəqiq statistika olmasa da bilirik ki, nə qədər gənc sırf bu dünyaya düşmək üçün cinayətlər törədir. Və danışılanlardan onu da bilirik ki, hadisənin romantikasına qapılan bu cür gənclər elə ilk zərbələrdən sınırlar. Çünki avtoritet olmaq elə də qıraqdan göründüyü kimi asan məsələ deyil. Ora həbsxanadır, oranın amansız qanunları var, heç də hamı hər an dözüm göstərə, öz ləyaqətini qorumağı bacarmır. Bu yolun yolçuları mətbuata xəsisliklə verdikləri müsahibələrdə, dost məclislərində daim başqa adamları bu yoldan çəkindirməyə çalışırlar.

Kimə deyirsən?

Bəli, bizim deksterlərimiz yoxdur. Nə yaxşı ki, yoxdur. Amma cinayətkar dünyamız var və o sosial ədaləti heç də məqbul sayılmayan cəmiyyətdə hüsni-rəğbət yaradır. Bu dünyaya qoşulmaq üçün isə cinayət törətmək şərtdir. Evdə oturmaqla kriminal avtoritetə çevrilmək mümkünsüzdür. Ən pisi odur ki, dektsrerlik kimi bu modellər də yoluxucudur. Ona görə də cəmiyyətdə maarifi yaymasaq, sənəti daha geniş kütlələrə çevirməsək, rol modeli olaraq ideal obrazlar, misal üçün aktyor, yazıçı, rəssam, alim modelləri yaratmasaq cəmiyyətdə yeganə rol modeli kriminal avtoritetlik olsa bu bizə çox pis bir gələcək vəd edir.

“Dekster” serialı 7 il sonra başa çatdı, bizim kriminal serialın nümayişi davam edir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi