Evdən qaçan qadınları niyə söyürük?

evden-qacan-qadinlari-niye-soyuruk
Oxunma sayı: 825

Dünya Sakit

Evdən qaçan qadınlar barədə xəbərlər medianın gündəmini zəbt etməkdədir. Demək  olar ki, hər gün hansısa bölgədə qadının evdən qaçması barədə məlumat alırıq – kimisi övladını yanına alıb, kimisi isə qazandığı evdə buraxıb gedir...

Bəzi hallarda evdən qaçan qadınların, sadəcə, zorakılıq, təhqir, döyülmə, alçaldılma dolu həyatdan qurtulmaq üçün başlarını götürüb qaçdıqları aydınlaşır. Elə bu günlərdə 3 yaşlı oğlunu götürüb ər evindən gedən qadınla bağlı yalançı itkin elanının verildiyi, o xanımın ailəsində gördüyü qəddar münasibətdən uzaqlaşaraq təkbaşına ayaqda qalmaq üçün çabaladığı aydın oldu. 

Amma getdikcə daha çox  məlum olur ki, evdən qaçan qadınlar müstəqil həyat qurmaq üçün deyil, kənarda kiminləsə tanış olub, onunla gediblər. Belə xəbərlərdə adı keçən qadınlara qarşı cəmiyyətin hiddəti, təpkisi daha güclü, daha amansızdır: valideyn məsuliyyətsizliyi, əxlaqsızlıq ittihamları, hətta sosial şəbəkələrdə söyüş-təhqirlər baş alıb gedir. 

Qadınların övladlarını, ərlərini atıb başqa ölkəyə - əsasən Türkiyəyə qaçması halları da, çox təəssüf ki, say artımına gedir. Hadisələrin mahiyyətindən, köklərindən xəbərsiz olan kütlə üzdə olan hissəyə - qadının ailəli ola-ola övladlarını qoyub qaçması faktına qiymət verir. Müzakirələr təhqir dolu çağırışlarla dolub-daşır. Kimsə düşünmür ki, bir ananı öz övladlarını tərk edəcək hala gətirən dərin səbəblər olmamış deyil: evdə ər, ailə yaşanası olarkən mində bir qadın başqa kişi sevdasına düşər.

Bir neçə həftə əvvəl yaxşı tanıdığım saç ustası qadının 3 uşağını buraxıb Türkiyəyə getdiyini eşitmişdim. O qadının ailəsindəki vəziyyətdən məlumatlı olduğum üçün xəbərdən çox da təəccüblənmədim. Çünki heç bir işdə duruş gətirməyən, evdə yeyib-yatmağı, avaralanmağı sevən, kobud, zorakılığa meylli, ailə-uşaq məsuliyyətinin nə olduğunu bilməyən bir kişi ilə o qarışqa kimi işləyən qadının birgə həyatının davamlı olmayacağını əvvəlcədən görürdüm. Lakin düzünü deyim, gözləntim bir qədər fərqli idi – qadının çox gözəl əl qabiliyyəti, iş yeri, yaxşı da qazancı vardı, ərindən ayrılıb rahatlıqla övladlarını saxlaya bilərdi. Zatən, evi dolandıran o idi. Bu baxımdan, öz-özlüyümdə onun övladlarını yaramaz atanın ümidinə buraxıb başqa kişiylə qaçmasını istər-istəməz qınadım.

Aydındır ki, heç də bütün qadınların işləyib özünü və övladlarını dolandırmaq qabiliyyəti, imkanı yoxdur. Ailədə zorakılığa, təhqirə, qeyri-insani rəftara məruz qalan qadınların bəziləri intiharı, arxasında duracaq kimisə olanları boşanmanı, üçüncü qismi isə başını götürüb yad kişiyə - ölkəyə qaçmağı çıxış yolu kimi görür.

İntihar edənləri məzəmmətlə kifayətlənən, boşananlara bir ömürlük damğa vuran cəmiyyətin ən çox müzakirə etdiyi də məhz həmin üçüncü qisim qadınlardır. Halbuki o qadınları mənəvi dəyərlərimizə, əxlaqımıza yad olan hərəkətə vadar edən şəraiti hamımız görürük. Azından hər birimizin tanıdığı bir neçə ailə var ki, qadın adam yerinə qoyulmur, döyülür, söyülür, təhqir olunur, ən iyrənc formalarda alçaldılır. Böyük əksəriyyətində maddi problemin yaşanmadığı belə ailələrdə baş verənlərə hamımız lal-dinməz seyrçilik edirik. Kimsə bu nadanlığı durdurmaq üçün barmağını belə tərpətmir –hamı “başqasının ailə işinə qarışmaq olmaz” prinsipini seçir. 

Amma vay o gündən ki, qadın bizim üçün qeyri-ənənəvi olan çıxış yolunu seçsin. Bax, ondan sonra hamımız çevrilirik əxlaq, mənəviyyat qoruyucusuna. Hamımız oluruq onun uşaqlarının qayğıkeşi...

Əlbəttə, demirəm ki, bütün ailəsindən, uşaqlarından qaçan qadınlar zorakılıq üzündən bu yolu seçir və onların heç birini qınamaq olmaz. Aydın məsələdir ki, bunu sırf cinsi-mənəvi istəklərindən dolayı edənlər də var. Lakin aydınlıq gətirilən faktlar göstərir ki, belələri çox azdır. Böyük əksəriyyət düşdüyü ağır vəziyyətdən çıxış yolunu məhz başqasına qaçmaqda görənlərdir. Bu üzdən, vaxtında ətrafımızda – qohumumuzda, qardaşımızda baş verən zorakılıqların qarşısını almaq üçün heç nə etmiriksə, sonrasına da qarışmasaq daha yaxşı olar. Çünki buna mənəvi haqqımız çatmır...