Əvəz Zeynallı ilə bağlı mətbuat konfransı

evez-zeynalli-ile-bagli-metbuat-konfransi
Oxunma sayı: 632

Tədbirdə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev çıxış edərək bildirib ki, “Ə.Zeynallının həbsindən sonra ölkədə çox ciddi siyasi hadisələr baş verib. Hakimiyyət də Ə.Zeynallının həbsi ilə bağlı qəti qərar verə bilmir. O da aydındır ki, Ə.Zeynallı haqda verilən hər hansı bir qərar hər bir halda ədalətli olmayacaq. Son 2 məhkəmə prosesində də Ə.Zeynallı kifayət qədər əsaslı sübutlar ortaya qoyaraq sübut etdi ki, onun həbsi siyasi sifarişdir və müstəqil mətbuata qarşı təzyiqdir”.

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılının sözlərinə görə, məhkəmə prosesi artıq hamını təəcübləndirəcək səviyyədə uzanıb. Hələ Azərbaycan məhkəmələri tarixində bir adamın işi ilə bağlı bu qədər uzun müddətdə məhkəmə keçirilməyib. Proses süni olaraq uzadılır. Hakim də, prokuror da, müxtəlif bəhanələr gətirərək, bu işi uzatmağa çalışırlar. Bu insanın uzun müddət gərginlikdə saxlamaq, ona psixoloji təzyiq göstərmək deməkdir. Ə.Zeynallının həbsi jurnalist fəaliyyətilə bağlıdır və onun adı həbs olunan siyasi məhbuslar sırasındadır. Beynəlxalq qurumlar Ə.Zeynallının işi ilə bağlı hakimiyyətdəki maraqlı tərəflərə sual verəndə onlar əsas gətirməyə çalışırlar ki, Ə.Zeynallının məhkəməsi hələ başa çatmayıb. Bu doğru deyil. O da doğru deyil ki, onlar elə fikirləşirlər ki, məhkəmə prosesi davam edən baş redaktor siyasi məhbus hesab edilə bilməz. Artıq bu epizod “siyasi məhbus” anlayışında öz təsdiqini tapır. Bu gün Gülər Əhmədova bəyan edir ki, Ə.Zeynallı onun iddiası əsasında həbs olunmayıb. Halbuku məhkəmələrin qərarları var və məhz həmin qərar əsasında da həbsindən sonra Ə.Zeynallının redaksiyasında, maşınında və evində axtarışlar aparılıb. Bu gün G.Əhmədova hüquqi baxımdan iddiasından imtina edir. Məhkəmə isə bir daha onun prosesə cəlb edilməsinə imkan yaratmır. Görünür, G.Əhmədovanın məhkəmə prosesinə qatılması Ə.Zeynallının heç bir cinayət törətmədiyini sübut edəcəyi üçün, bunun qarşısı alınır.

Sonda Ə.Zeynallının dünya ictimaiyyətinə, yerli və beynəlxalq hüquq təşkilatlarına ünvanlanmış müraciəti müzakirə olundu. Ə.Zeynallının növbəti məhkəmə prosesi yanvarın 24 saat 14.00-a təyin olunub.