Əvəz Zeynallı tibb məntəqəsinə köçürülməsini tələb etdi

evez-zeynalli-tibb-menteqesine-kocurulmesini-teleb-etdi
Oxunma sayı: 656

Bu barədə “Qafqazinfo”ya baş redaktorun xanımı Məlahət Zeynalova məlumat verib. Xanım Zeynalovanın sözlərinə görə, hazırda “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının səhhətində problemlər yaranıb: “O, ürəyində ağrılar olduğunu, əsəb gərginliyi keçirdiyini, kəskin baş ağrılarından əziyyət çəkdiyini, nəfəs almalarında problemlər yaşadığını və şəkər xəstəliyinin əlamətlərini müşahidə etdiyini bildirib.

Bir müddət əvvəl də Penitensiar Xidmətin tibb-sanitar şöbəsinin məlumatında göstərilirdi ki, Zeynallının müayinəsi zamanı ona “Xroniki Hepatoxolesistit, hepatomeqaleya; Böyrəkdə duzların kristallaşması; Bel fəqərələrinin ostreanxondrozu, radikulinevralgiya; Xroniki sobatrofik rinit” diaqnozu təyin edilmişdi. Diaqnozun ciddiliyinə baxmayaraq Ə.Zeynallı ƏN Penitensiar Xidmətin BİT-da yerləşən tibb-sanitar hissəsinə yerləşdirilməmişdi. O baxımdan bu gün də baş redaktorun səhhətində ciddi problemlər qalmaqdadır. Habelə onun burun çəpərinin də təcili əməliyyata ehtiyac var.

Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasının rəisi A.Seyidova yazılı müraciət edərək, təcili müalicəyə ehtiyacı yarandığından təcridxananın tibbi müalicə və müayinə müəssisəsində yerləşdirilməsini xahiş edib. O Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilin - Ombudsman aparatının nümayəndələrini də onunla görüşmək üçün dəvət edib və onun bütün lazımi tibbi yardımla təmin etməyə çağırıb”.