Əvəz Zeynallının işi başladı

evez-zeynallinin-isi-basladi
Oxunma sayı: 676

Vəkil Elçin Sadıqov xatırladıb ki, bir müddət əvvəl Baş Prokurorluq yaydığı məlumatında Əvəz Zeynallını ictimaiyyətə cinayətkar kimi təqdim edib. Vəkil hətta hakimlərində ictimaiyyət nümayəndəsi kimi həmin məlumatı oxuyaraq baş redaktoru cinayətkar kimi tanıdığını söyləyib: “Belə olan halda Əvəz Zeynallının işinin Azərbaycan məhkəmə sistemində olan hakimlərin baxması doğru deyil. Mən cinayət işi üzrə hakimlərə etiraz edirəm. Və bu bəyanatı yayan şəxslərin barəsində xüsusi qərar çıxarmasını tələb edirəm”.
Dövlət ittihamçısı Vüsal Orucov isə hakim korpusundan bu vəsatətin qəbul edilməməsini xahiş etdi.
Hakim heyəti qısa müşavirədən sonra vəsatəti rədd etdi.
Bundan sonra Elçin Sadıqov müdafiə hüququnun pozulduğunu bildirərək qeyd etdi ki, Bakı İstintaq Təcridxanasına gedərkən rəisin göstərişi ilə yoxlanılıb: “Bununla da vəkilə müvəkkil arasında mövcud olan konfidensiallıq pozulub. Mən İstintaq Təcridxanasının rəisi haqqında da xüsusi qərar çıxarılmaasını istəyirəm və bununla bağlı vəsatəti sizə təqdim edirəm. Eyni zamanda Zeynallı haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi və cinayət işinə xitam verilməsi haqqında vəsatəti də sizə təqdim edirəm”.
E. Sadıqov bildirdi ki, 17 gündən çoxdur ki, Əvəz Zeynallı ilə görüşə bilmirlər: “ Dəfələrlə İstintaq Təcridxanasına getsək də, buna icazə verməyiblər. Səbəb isə məhkəmənin müvafiq məktubunun olmamasıdır. Əvəz Zeynalının da vəsatətləri var. Bu vəsatətləri müzakirə etmək üçün bizim görüşməyimiz lazımdır. Bu səbəbdən də sizdən vaxt istəyirik”.
Baş redaktor Ə. Zeynallı isə dedi ki, onun həbsinə sifariş verənlərin, bunu icra edənlərin, üzünə duranların ermənilərlə qohumluq əlaqəsi var. Biz bunu sübut etmişik və məhkəmədə ortaya qoyacağıq. Siz hakimlərdən də xahiş edirəm ki, əgər ermənilərlə qohumluq əlaqəniz varsa bu başdan özünüz-özünüzə etiraz verin. Çünki bu məsələni məhkəmə araşdırması zamanı müəyyən edə bilərik”.
Hakim Ramella Allahverdiyeva isə məhkəmə sistemində çalışan hakimlərin arasında erməni millətinə məxsus şəxs və ya bu millətlə qohumluq əlaqəsi olan şəxslərin olmadığını bildirdi: “Bundan arxayın ola bilərsiniz”.
Baş redaktorun digər vəkili Məsum Bayram bildirdi ki, hazırda cinayət işində adı keçən zərərçəkənlər prosesdə iştirak etmir: “Buna görə də, növbəti prosesdə bütün zərərçəkənlərin iştirakını təmin edilməsini istəyirik”.
Hakim isə dedi ki, zərərçəkmişlərin prosesə dəvət edilməsi üçün məktublar göndərilib: ”Lakin məlum olmayan səbəblərdən onlar prosesdə iştirak etmirlər. Biz zərərçəkmişlərin iştirakını məhkəmədə təmin edəcəyik”.
Hakim çıxışının sonunda qeyd etdi ki, vəkillərin Ə. Zeynallı ilə görüşməsi üçün məhkəmənin hazırlıq iclası mayın 18-nə kimi təxirə salınır.

musavat.com