Əvəz Zeynallının işi masaya çıxarıldı

evez-zeynallinin-isi-masaya-cixarildi
Oxunma sayı: 644

Tədbirin aparıcısı, «Turan» agentliyinin baş direktoru Mehman Əliyev Əvəz Zeynallının həbsiylə bağlı Redaktorlar Birliyinin yaratdığı Təhqiqat Qrupunun hesabatının artıq tamamlanmaq üzrə olduğunu söylədi: «Yəqin ki, dekabrın ilk ongünlüyündə prosesi tam əhatələyən bu geniş hesabatı ictimaiyyətə təqdim edəcəyik. Daha sonra hesabat xarici dillərə tərcümə olunacaq və bütün beynəlxalq qurumlara göndəriləcək».

«Xural» qəzetinin redaktoru Anar Mahmudoğlu təzyiqlər və son proseslərdən danışdı: «Bildiyiniz kimi, noyabrın 4-də Əvəz Zeynallının əleyhinə ifadə alınması üçün şahid qismində dəvət olunan şəxslərdən birinə Kürdəxanı təcridxanasının 8-ci istintaq otağında təzyiq göstərilərkən nəzarətçilər və vəkillər bunun şahidi olmuşdular. Həmin gün istintaq yarımçıq saxlanılmışdı və ötən 25 gün müddətində heç bir istintaq hərəkəti aparılmayıb».

A.Mahmudoğlu vəkil Elçin Sadıqova Ə.Zeynallı tərəfindən verilən dosyelərin Kürdəxanı təcridxanasında nəzarətçilər tərəfindən müsadirə olunması və bu insidentlə bağlı məhkəmə müraciəti, Ə.Zeynallı barədə həbs qəti-imkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi, «Xural» qəzetinin əmlakının qeyri-qanuni müsadirəsi, həmçinin daxili işlər naziri Ramil Usubovun rüşvət təklifi ilə əlaqədar istintaqa cəlb olunması və s. vəsatətlər barədə məlumat verdi: «Biz «Xural» qəzetinin kollektivinə təhdidlərlə bağlı da Daxili İşlər Nazirliyinə müraciət etmişik. Təəssüf ki, bu vaxta qədər heç bir reaksiya yoxdur».

A.Mahmudoğlu onu da qeyd etdi ki, «Xural» qəzetinin çapına qoyulan qeyri-rəsmi qadağadan sonra qəzetin əməkdaşı Nurəddin Xoca Ədliyyə Nazirliyinə «Yeni Xural», «Çağdaş Xural», «Müasir Xural» və «Kural» adı ilə 4 müxtəlif müraciət göndərsə də, Ədliyyə Nazirliyi heç birini qeydə almır və rəsmi olaraq imtina səbəbini də göstərmir: «Noyabrın 4-də bir, noyabrın 15-də isə üç yeni qəzetin qeydə alınması ilə bağlı müraciət edilsə də, Ədliyyə Nazirliyi heç bir cavab vermir. Bütün bunlar bir daha təsdiqləyir ki, Əvəz Zeynallının həbsi İlham Əliyevin birbaşa siyasi iradəsi ilə həyata keçirilib və məqsəd də «Xural» qəzetinin çapına imkan verməməkdir».

Hüquq müdafiəçisi Eynulla Fətullayev ABŞ-da keçirdiyi görüşlər və baş redaktorun həbsinə beynəlxalq reaksiyalar barədə məlumat verdi: «Ayrı-ayrı beynəlxalq təşkilatların səlahiyyətliləri məndən soruşurdular ki, necə olur, 9 ildi nəşr olunan qəzet gündəliyə keçəndən və hakimiyyətə tənqidlərini artırandan sonra onun baş redaktoru həbs olundu? Sualın bu cür qoyuluşu bir daha onu sübut edirdi ki, artıq beynəlxalq qurumlar Əvəz Zeynallının sifarişlə həbs olunması barədə ətraflı məlumata malikdirlər. Təbii ki, mən də öz növbəmdə əlavə məlumatlarla onların informasiyasını zənginləşdirirdim».

E.Fətullayev müdafiənin daha da gücləndirilməsi məqsədilə təkliflərini də verdi.
Tanınmış jurnalist Şahvələd Çobanoğlu Ə.Zeynallının müdafiəsi ilə bağlı görülən bir aylıq işi müsbət dəyərləndirdi: «Hakimiyyət onu ən ağır maddə ilə həbs etməklə hüquq müdafiəçilərinin işini çətinləşdirmək, ictimai rəydə tərəddüdlər və çaşqınlıqlar yaratmaq istəyirdi. Hətta Ə.Zeynallının səs yazısının olduğunu bildirməklə bu çaşqınlığı artırmağa çalışırdılar. Bir ay müddətində bizlər Ə.Zeynallının həbsinin sırf siyasi motivlərlə həyata keçirildiyini sübut etdik, artıq ictimai rəydə və beynəlxalq qurumlarda heç bir tərəddüd, çaşqınlıq yoxdur. Buna görə də müdafiə işinin bir aylıq gedişindən hamımız razı olmalıyıq. Bundan sonra isə Ə.Zeynallının vicdan məhbusu siyahısına salınması üçün iş görmək tələb olunur ki, hesab edirəm, qısa müddətdə buna da nail olacağıq».

Daha sonra çıxış edən hüquq müdafiəçiləri və jurnalistlər də prosesi nəzarətdə saxlamaq və işin planlı şəkildə, daha da genişləndirilmiş formada icrası üçün birgə çalışmağın vacibliyini qeyd etdilər.