Evi yandırıb qardaşını öldürənin işi ekpertizaya göndərildi

evi-yandirib-qardasini-oldurenin-isi-ekpertizaya-gonderildi
Oxunma sayı: 796

Bakı Ağır Cinayətlər Məhkəməsində evi yandıraraq balaca qardaşını öldürməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Vitali Kolosovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatındakı prosesdə V.Kolosovun vəkili Elxan Xudaverdiyev vəsatət verərək müvəkkilinin hadisədən əvvəl də dəlixanaya yerləşdirilməsini qeyd edərək onun psixi problemlərinin olduğunu deyib və Kolosovun psixi sağlamlıq durumunun yoxlanılması üçün təkrar ekspertiza təyin edilməsini istəyib. 

Məhkəmə vəsatəti təmin edib. V.Kolosov psixiloji vəziyyətinin müəyyən edilməsi üçün iş ekpertizaya göndərilib. Proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, ötən iclasda dövlət ittihamçısı çıxış edərək V.Kolosovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hadisə ötən il iyunun 22-də Xəzər rayonunda baş verib. V.Kolosov rayonun Dəmiryol küçəsindəki yerləşən evlərini yandırıb. Yanğında anası, 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və 16 yaşlı qardaşı Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. İyunun 24-də V.Soloveykin dünyasını dəyişib.

V.Kolosov isə ifadəsində evi bacısına görə yandırdığını, anası və qardaşının evdə olmasından xəbərsiz olduğunu deyib.

Murad Əhməd