“Evin açarlarını pişiklərə görə vermişdim” - Fəridə

evin-acarlarini-pisiklere-gore-vermisdim
Oxunma sayı: 4824

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində idmançı Fəridə Əzizovanın evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə elan olunan ittihama görə, N.İsrafilov oğurluq etdikdən sonra Lerikdən qanunsuz yolla İrana keçib, oradan isə Türkiyəyə gedib. Ərzurum şəhərində sənədləri olmadığı üçün saxlanılıb və Azərbaycana deportasiya olunub.

N.İsrafilov sevgilisi Nərgizin oğurluq hadisəsindən xəbərsiz olduğunu deyib: “Fəridə ilə Nərgiz tanış idi, evin açarı da Nərgizin çantasında idi. Nərgizdən gizlin açarı götürüb dostum Aqşinlə Fəridənin evinə getdik, Seyfi götürüb Gəncəyə apardıq. Orada açıb gördük içində 40 min var, hərəmizə 20 min götürdük. Ordan da Lənkərana gedib tanımadığım bir adama 9 min manat verdim, məni qaçaq yolla İrana keçirdi, ordan da Iğdıra getdim”.

Digər təqsirləndirilən N.Fərəcova isə Nicatın oğurluq edəcəyindən xəbəri olsa da cinayətdə iştirak etməyib. 

Məhkəmədə məlum olub ki, Nərgiz hadisədən öncə Nicata Fəridənin evinin şəklini göndərib. 

N.Fərəcovanın ailəsi evini sataraq zərərçəkmiş F.Əzizovaya 53 min manat ödəyib.

Məhkəmədə ifadə verən Fəridə Əzizova deyib ki, Nərgiz onun rəfiqəsinin bacısıdır: “Hadisə olan vaxt mən Ukraynada yarışda iştirak edirdim. Evdə iki pişiyim var idi, açarı Nərgizə verdim ki, mən olmayanda onlara yemək versin. Qayıdanda gördüm ki, evdə oğurluq olub. Bunlar oğurluğu birlikdə ediblər. Burda dediklərinə inanmıram. Mənə 53 min manat ödənilib, 14 500 manat qalıb, onun da ödənilməsini tələb edirəm. Mənim İslam Oyunlarında mükafat aldığımı hamı bilirdi. Hər ikisinə ağır cəza verilməsini tələb edirəm”.

N.İsrafilovla birgə oğurluq edən Aqşin adlı şəxs hələ də tapılmadığı üçün axtarışa verilib.

İttihama görə, 2017-ci il sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Murad Əhməd