Evlənmək istəyən 203 nəfərdə QİÇS aşkarlanıb

Evlənmək istəyən 203 nəfərdə QİÇS aşkarlanıb
Oxunma sayı: 2

Nikaha daxil olmaq istəyənlərin tibbi müayinəsi davam etdirilir. Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin may ayının sonuna qədər müayinədən 279 383 nəfər keçib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, 1 iyun 2015-ci il – 31 may 2017-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. İndiyə qədər müayinədən keçmiş 11 773 nəfərdə talassemiya daşıyıcılığı, 1101 nəfərdə sifilis, 203 nəfərdə isə QİÇS aşkar olunub.

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi