“Evli qadını sevməyin bədəli” - “Atamın sevgilisi”ndən

evli-qadini-sevmeyin-bedeli-atamin-sevgilisinden
Oxunma sayı: 781


O, ötən ayın axırı facebook səhifəsini bağlayacağına qərar vermişdi, amma buna 4 gün qalmış gözlənilmədən məni blok etdi... Həyatımda bu cür güclü sarsıntı keçirməmişdim; heç cür özümə gələ bilmirdim.

İnternetklubda kompyuterin arxasında oturmuşdum, gözlərimdən biixtiyar yaş axırdı. Ordan necə çıxdığımı xatırlamıram, hara getdiyimi də. Vəhşicəsinə darıxırdım, ürəyim az qala sinəmi yarıb çıxacaqdı. Onsuz həyat mənim üçün işgəncəyə çevriləcəkdi, bunu özü də bilirdi, amma amansızcasına üstümdən xətt çəkdi...

Günortadan başlayaraq gecəyə qədər içdim, əvvəl bir şüşə çaxırın dalından dəydim, ofisiant qız əsən əllərimə baxıb yəqin ki, məni əyyaş hesab etdi.

Ordan çıxıb bulvara gəldim. S. Vurğun bağından bulvara qədər yeddi siqaret çəkdim. Sağımdan-solumdan adamlar keçirdi, heç birini görmürdüm.

Amma hiss edirdim ki,mənə təəccüblə baxırlar. Çünki mənim yerişimdə nəsə qaydasında deyildi; dəli, sərsəri adamlar kimi addımlayırdım.

Qağayılar başım üstə qayğısızcasına dövrə vururdu, mənsə mazutlu suya, uzaqda görünən Nargin adasına baxırdım və düşünürdüm ki, mənim mübtəla olduğum dərdin əlacı ancaq ölümdür. Və o anda sidq-ürəkdən Allahdan özümə bir ucuz ölüm arzulayırdım.

Özümü dənizə təslim etmək üçün iradəm çatmırdı. Amma mən intiharın ən ağrısız, ən ucuz növünü tapmışdım; ömrü mümkün qədər azaltmağın ən asan yolu içkiyə qurşanmaqdır. Həkim mənə demişdi ki, sənin ciyərlərində problem var, içsən öləcəksən. Fikirləşirdim ki, mütləq özümü cəzalandırmalıyam. Həmin anlarda özümə edəcəyim yeganə yaxşılıq bu ola bilərdi.

İndi bu yazını yazdığım anlarda da möhkəm kefliyəm. Fikirləşirəm ki, yalnız ölüm məni bu əzablardan xilas edə bilər. Heç vaxt indiki qədər ölümü sidq-ürəkdən arzulamamışam. Artıq bir həftədir ki, o, yoxdur. Mənim üçün də həyat yoxdur. Mənim onu nə qədər sevdiyimi bilsəydi!.. Lap tutaq ki, bilir, neyləməlidi? Mənə görə ərindən boşanası deyil ki... O, artıq öz sözünü deyib:

“Mən heç vaxt sənin olmayacağam!”

Bu cümlə qulaqlarımda ölüm hökmü kimi səsləndi. O, facebook səhifəsini bağlayanda əminliklə deyirdi ki, “tezliklə unudacaqsan, çünki kişisən!”

Amma mən bilirdim ki, onu heç vaxt unuda bilməyəcəyəm. Onu şiddətli dərəcədə arzulayıram. O evli qadını! Amma mən onu ancaq sevə bilərəm. Allahdan bircə arzum var ki, o, ərini sevsin! Çünki mən onun heç vaxt acı çəkməsini istəmərəm! Heç vaxt!
Amma mən tezliklə bu dünyadan cəhənnəm olub getməliyəm ki, o qız rahat yaşasın.
Hər gün, hər saat, hər dəqiqə, hər saniyə onu düşünürəm. Ona demək istədiklərimi deyə bilmirəm, bu, mənə əzab verir.

Bizim ilk görüşümüz mənim ad günümə təsadüf etdi. Təsadüfə bax, sən Allah! Heç elə bil facebookda bir-birimizdən küsən, barışan, mübahisə edən, incə zarafatlar edən, hər gizli sirrimizi bir-birimizə deyən biz deyilmişik. İçimdə təlatüm vardı, amma çox sakit şəkildə tamam başqa şeylərdən danışırdıq. Yəqin ki, o da mənim həmin dəqiqələrdə hansı hisslər keçirdiyimi anlayırdı. Amma otaqda başqa bir adam vardı və o adamı duyuq salmaq olmazdı. Bəlkə də elə buna görə məndən çox onunla danışırdı. Əslində o, çox rahat görünürdü, çünki o, mənim yox, mən onun qurbanı idim; onun əlində əsir olan mən idim...Ayrılanda içimdəki qəhəri boğub süni fərəhlə sağollaşdım. Qüssə içimə çökdükcə qatılaşırdı.

Maşına əyləşib xeyli müddət key-key qarşımdakı yola baxdım, içim qaynayırdı. Başımı sükana söykəyib acı-acı ağladım...

Onunla ünsiyyət üçün min bir bəhanə axtarırdım, gah zəng edib kiminsə telefon nömrəsini, gah da hansısa sözün mənasını soruşurdum. Səsini eşitcək qısa bir müddət hər şey qaydasına düşürdü.

Elə bu yazını yazarkən fikirləşirəm ki, sabah mütləq bir bəhanə tapıb ona zəng etməliyəm...

O, proflini bağlayandan duyğuların imtahanı başlanıb...

O, deyir, zamanla unudacaqsan...

Əgər zaman onu mənə unutduracaqsa, mən o zamanın gəlməsini istəmirəm!


Qeyd: “Atamın sevgilsi” yazıçının sayca 5-ci kitabıdır. Kitabı hal-hazırda “Elmlər Akademiyası” metrostansiyasının giriş hissəsindən əldə etmək olar.