“Evrovision” müşavirəsi

evrovision-musaviresi
Oxunma sayı: 649

Nazirliyin mətbuat katibliyindən AzərTAc-a bildiriblər ki, nazir müavini Musa Pənahovun rəhbərliyi ilə keçirilən müşavirədə müvafiq qurumların rəhbərləri iştirak ediblər. M.Pənahov mahnı müsabiqəsi ilə əlaqədar bu günədək görülmüş işlərdən danışıb, Bakıya gələn istər rəsmi qonaqların, istər turistlərin və azarkeşlərin, istərsə də akkreditasiyadan keçmiş kütləvi informasiya vasitələri nümayəndələrinin əvvəlcədən tərtib olunmuş hərəkət sxemlərinə uyğun olaraq daşınmasının təşkili ilə bağlı görülən işlərin yekunları barədə ətraflı məlumat verib.

Sonra müsabiqə ilə bağlı tədbirlər planına müvafiq olaraq həyata keçirilən tədbirlərə məsul olan şəxslər hər biri ayrılıqda cavabdeh olduğu sahə üzrə məruzə edib.

Müşavirədə “Eurovision-2012” mahnı müsabiqəsinin yarımfinal və final şouları ilə əlaqədar Dövlət Bayrağı Meydanı istiqamətində daha çox insan axınının olması nəzərə alınaraq, bununla əlaqədar konkret tapşırıqlar verilib, avtobus və taksi sürücülərinin təlimatlandırılması ilə bağlı məsələlər nəzərdən keçirilib. Həmçinin yarımfinala bileti olan vətəndaşların əvvəlcədən nəzərdə tutulan məntəqələrdə nəqliyyat vasitələrindən istifadə etmələri ilə bağlı maarifləndirmə işinin zəruriliyi bir daha qeyd edilib.