Əvvəl qızını, sonra dizini döyənlər...

evvel-qizini-sonra-dizini-doyenler
Oxunma sayı: 668

Seymur Verdizadə

Onu bir il əvvəl ölümün pəncəsindən mən xilas etmişdim. Yolu qırmızı işıqda keçdiyi üçün az qalmışdı ki, qara bir “Jeep”in altında qalıb, xurd-xəşil olsun. Özümü vaxtında yetirməsəydim, sabah qohumları mərhumun “il” mərasiminə toplaşacaqdılar...

Yaxınlıqdakı marketdən su alıb, üz-gözünə çırpandan sonra titrək səslə təşəkkür etdi: “Allah razı olsun!”

“Jeep”in yekəpər sürücüsünün qorxudan pambıq kimi ağarmış sifəti gözümün qabağından getmədiyi üçün onu əməlli-başlı məzəmmət etdim: “A kişi, sənə nə olub? Yol keçəndə niyə başını qaldırıb, irəli-geri baxmırsan? Canını küçədən tapmısan?”

Başını qaldırıb laqeyd adamlar kimi üzümə baxanda fikri başqa yerdə idi. İndi ona nəsə deməyin mənasız olduğunu bildiyim üçün sağollaşıb getmək istədim. Amma əlimdən yapışıb, getməyimə icazə vermədi: “Sən yaxşı adama oxşayırsan. Gəl, bir stəkan çay içək”.

Üstü güllü, iri çaynikdən adama bir stəkan çay süzəndən sonra aram-aram danışmağa başladı: “Yerin altında-üstündə bircə qızım var. Həyatda ən böyük arzum onu xoşbəxt görməkdir. Amma uşaq məni eşitmir. Bir az əvvəl necə əsəbiləşdimsə, saçından yapışıb saldım ayağımın altına. Hələ də özümə gələ bilmirəm...”

Başımı bulayıb, onu sakitləşdirməyə çalışdım: “Nahaq yerə belə hərəkət eləmisən. Uşağı döymək düzgün tərbiyə üsulu deyil. Qızın sözünə baxmayıb nə edir? Çöldə-bayırda gecələyir?”

Ovcunun içində tutduğu armudu stəkanı nəlbəkiyə qoyub, geniş izahat verdi: “Mənim qızım abırlı, ismətli uşaqdır. Heç vaxt başımı aşağı eləməyib. Ondan yerdən-göyə qədər razıyam”.

Jurnalist marağı güc gəldiyi üçün onu “sual yağışı”na tutdum: “Belə ağıllı uşağı da döyərlər? Sən o qızdan nə istəyirsən? Qızın sənin hansı sözündən çıxıb?”

Əvvəlcə cavab verməyə tələsmədi. Gözlərini bir nöqtəyə zilləyib xəyala daldı. Sonra bir qədər də mənə doğru əyilib, aram-aram danışmağa başladı: “Biz iki qardaşıq. Mənim bir qızım, qardaşımın isə bir oğlu var. Qardaşım imkanlı adamdır, böyük evi, bir neçə mağazası var. Deyir ki, dünya dağılsa da qazancımı yadlara yedirməyəcəm. İki ayağını bir başmağa dirəyib, qızı oğluna istəyir”.

Ondan qardaşı oğlunun bu izdivaca razı olub-olmadığını soruşanda, belə dedi: “Oğlan razı deyil. Deyir ki, biz bacı-qardaşıq, bir yerdə böyümüşük”.

Bu cür adamlarla tez-tez qarşılaşdığım üçün söhbəti uzatmaq istəmədim. “Uşaqların işinə qarışmayın. İmkan verin, öz sevdikləri ilə ailə qursunlar. Məhəbbət qardaşının mağazalarında vitrinə düzülmüş “salfetka” deyil ki, pulla alıb-satasan” - deyib, ayağa qalxdım. Telefon nömrəmi alandan sonra gözlərini bir nöqtəyə zilləyib, yenidən fikrə getdi...

Bu söhbətdən üç ay sonra mənə zəng elədi. Dedi ki, uşaqları baş-ayaq edirik, gələn həftə toydur. Sən də toya dəvətlisən.

Pulum olmadığı üçün toya getmədim...

...Səhər yuxudan oyananda ilk işim ona zəng etmək oldu: “Sabah sənin ikinci dəfə dünyaya gəldiyin gündür. İmkan elə, görüşək”.

Səsimi eşidəndə uşaq kimi sevindi. Xahiş etdi ki, sabah yox, elə bu gün görüşək. Sözlü adama oxşadığı üçün razılaşmaqdan başqa çarəm qalmadı.

Hər ikimiz oruc tutduğumuz üçün çayxanaya getməyə ehtiyac olmadı. Dahi Azərbaycan dramaturqu Hüseyn Cavidin adını daşıyan parkda gəzə-gəzə söhbət etməyə qərar verdik.

Ötən bir ildə xeyli qocalmışdı. Saçlarına qar ələnmiş, sifəti qırışlarla naxışlanmışdı. Onu diqqətlə süzdüyümü görəndə, belə dedi: “Bu bir ildə başımıza gəlməyən qalmadı”.

Sözümü bir il əvvəl dediyim üçün ona təsəlli verməyə lüzum görmədim: “O vaxt səhv elədiniz. Gərək uşaqların işinə qarışmayaydınız”.

Təəccüblə üzümə baxdı: “Nə baş verdiyindən xəbərin var?”

Laqeyd adamlar kimi çiynimi çəkdim: “Yox”.

Bir qədər incik tərzdə soruşdu: “Bəs niyə belə danışırsan?”

Soyuqqanlılığımı qorumağa çalışdım: “Üzünə baxanda hər şey bəlli olur”.

Başı ilə sözlərimi təsdiqləyəndən sonra ehtiyatla danışmağa başladı: “Toydan bir həftə sonra oğlan baş götürüb Rusiyaya getdi. Qız üç ay əmisinin evində oturandan sonra geri qayıtdı. Ağlamaqdan uşağın başına hava gəldi. Altı aydır psixiatriya xəstəxanasında müalicə olunur. Arvadla mən isə damın altında oturub, səhərdən-axşama kimi dizimizə döyürük”.

Araya dərin sükut çökdü. Heç birimiz dinib-danışmırdıq. Parkı iki dəfə dövrə vurandan sonra qorxa-qorxa soruşdu: Bu işlərin axırı necə olacaq?”

Bayaqdan bəri bu fürsəti gözləyirdim. Az da olsa rahatlıq tapmaq üçün ürəyimdən keçənlərin hamısını birnəfəsə onun sifətinə çırpdım: “Bu işlərin axırı yaxşı olmayacaq. Altı aydan sonra arvadınla səni də qızının yanına göndərəcəklər. Qardaşının oğlu ömrünü Nataşanın yanında başa vuracaq. Qardaşının var-dövləti isə yadlara qalacaq. Yeyib-içib, goruna söyəcəklər”.

Bu cavabı gözləmədiyi üçün bərk tutuldu. Bir müddət necə hərəkət edəcəyinə qərar verə bilmədi. Qəfildən üzünü yana çevirib, iri addımlarla uzaqlaşdı. Sağollaşmağa belə lüzum görmədi...