“Əvvəl üfunət iyi gəlirdi, indi gül” - Balaxanıdan reportaj

evvel-ufunet-iyi-gelirdi-indi-gul
Oxunma sayı: 2778

“Yaxşı xatırlayıram, əvvəllər buradan üfunət iyi gələrdi. Nəinki hazırkı yerdə durmaq, heç yaxınlığından da keçmək olmurdu. İndi isə gül iyi gəlir. Adam baxdıqca zövq alır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Balaxanı Sənaye Parkına təşkil olunmuş media tur zamanı deyib. Həm “Təmiz Şəhər” ASC tərəfindən reallaşdırılan layihələr, həm də sənaye parkında görülən işlərlə yaxından tanış olan nazir müavini bütün dəyişiklikləri müsbət qarşılayıb. 

Böyükşor Parkı və Bulvarı haqqında ətraflı məlumat verən “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov qeyd edib ki, 2-ci mərhələnin layihələndirmə işlərinin iyul ayında yekunlaşması gözlənilir.

Daha sonra media nümayəndələri və ekspertlər Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda olublar. Bildirilib ki, burada tullantılardan ayrılan çirkab sular filtrlər vasitəsilə süzülərək texniki suya çevrilir və poliqonun ərazisində əkilən ağacların suvarılmasında istifadə olunur.

İndiyədək keçirilən yaşıllaşdırma aksiyaları zamanı 11 mindən çox ağac və bəzək kolu əkilib. Son bir ildə isə ərazidə meyvə ağaclarının əkilməsinə başlanılıb.

Tullantılardan yığılan qazlar isə xüsusi generatorlar vasitəsilə elektrik enerjisinə çevrilir və bu enerji poliqonun ehtiyacları üçün istifadə olunur. Balaxanı Məişət Tullantılarının Çeşidlənməsi Zavodu 200 min ton tullantı çeşidləmək gücünə malikdir. Tullantılar çeşidləndikdən sonra təkrar emala yönləndirilir. Zavodda çeşidləmə zamanı tapılmış 1000-dən artıq müxtəlif növ sənəd toplanılaraq “Poçtap” layihəsi çərçivəsində “Azərpoçt” MMC-yə təhvil verilib. Maqnit separatoru vasitəsilə toplanan 400 kiloqramdan artıq qəpik isə “Təmiz Şəhər” ASC tərəfindən xeyriyyə aksiyaları üçün istifadə olunub.

E. Abbasovun sözlərinə görə, əvvəllər Balaxanı zibilliyində məişət tullantıları axtaran imkansız şəxslər hazırda Çeşidləmə zavodunda işlə təmin olunublar: “İnsanlar tullantıları çeşidləmək üçün bütün gün burada dolaşırdı. Hətta gündəlik qalanlar da var idi. İndi onların hamısına çeşidləmə zavodunda iş verilib. Artıq 170-dən artıq vətəndaşımız təmiz, zavod şəraitində öz işlərini görüb qazanc əldə edirlər. 

Çeşidləmə zavodundan sonra lazımsız və təkrar istifadəyə yararsız olan tullantılar Məişət Tullantılarının Yandırılması Zavoduna yönləndirilir. Sərt ekoloji tələblərə cavab verən və 4-cü nəsil texnologiyalarla inşa edilən bu zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231,5 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. Tullantılar Martin sobalarında yandırılır.

“Yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkı 2017-ci ildə istifadəyə verilib. Sənaye Parkının hazırda 11 rezidenti var və onlardan 5-i artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə 32 milyon manat məbləğində investisiya yatırılıb. Parkda ilkin olaraq 400-ə yaxın daimi iş yeri yaradılıb. Burada İşlənmiş mühərrik yağlarının emalı və baza yağlarının istehsalının təşkil edilməsi müəssisəsi "Ekokat" MMC, Plastik butulkaların təkrar emalı zavodu "Az.Ekol" MMC, Mebel istehsalı müəssisəsi "Foriella" MMC, Çap poliqrafiya məhsulları istehsalı müəssisəsi "Çapar Poliqraf" MMC və son olaraq Plastik məhsulların istehsalı zavodu "Metak" MMC kimi rezidentlər fəaliyyət göstərir.

Sənaye Parkı ilə yaxından tanış olan iqtisadi-ekspert Vüqar Bayramlının sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatında sənayeləşmə prioritet sektorlardan biridir: “Bu gün bizim gördüyümüz müəssisə həm də sənayeləşmə baxımından uğurlu nümunələrdən biridir. Bu parkın formalaşması Azərbaycana valyutanın daxil olmasına da şərait yaradır. Eyni zamanda bu gün bizim gördüyümüz məhsulların bir qismi əvvəllər ölkəyə idxal olunurdu.

Ancaq artıq öz yerli şirkətlərimiz istehsal etdiyi üçün idxala ehtiyac yoxdur. Nəticə etibarı ilə idxalın əvəzlənməsi prosesi valyutanın ölkədə qalmasına da şərait yaradır. Bu Sənaye müəssisələrinin yaradılması həm də yeni iş yeri deməkdir. Düşünürəm ki, bu, nazirlik tərəfindən həyata keçirilən uğurlu layihələrdən biridir”. 

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov bildirib ki, ölkədə qeyri-neft sektorunun inkişafına real addımlar atılır: "Burada biz nəyi görə bilərik? Hələ ki, 6 müəəsisə fəaliyyət göstərir və hər biri də ölkə iqtisadiyyatına öz töhfəsini verir. İxracyönümlü məhsulların ölkədə istehsalı böyük nailiyyətdir. Mən istərdim bu sahədə nailiyyətlər daha çox olsun. Ətrafa baxsaq, Parkın genişlənməsi üçün kifayət qədər sahənin olduğunu görərik. Maraqlandım ki, bu ərazilər SOCAR-a məxsusdur və burada bəzi mədənlər var. Ancaq nəzərə alsaq ki, bu mədənlərdən hasil olunan neftin həcmi çox aşağı səviyyədədir, onda bu əraziləri daha səmərəli istifadə etmək olar. Ətrafdakı boş əraziləri də buraya qatmaq mümkün olsa, bu, sahibkarlara böyük imkanlar yaradar”. 

Günel Hacı