“Əvvəllər idman marşı eşidəndə bədənimizin tükləri biz –biz olurdu”

evveller-idman-marsi-esidende-bedenimizin-tukleri-biz-biz-olurdu
Oxunma sayı: 654

- Azərbaycan futbolu ilə maraqlanırsınızmı?
- Vaxtım olanda maraqlanıram. Təbii ki, vaxt azlığından həmişə əziyyət çəkmişəm. Amma futbolumuz əvvəllər o qədər də inkişaf etməmişdi. Hazırda isə futbolun inkişafı üçün xeyli işlər görülür. Mən bir şeyi bilirəm ki, azarleşlərimizin sayı artıb. Təkcə İsrailin Azərbaycanla oyununu xatırlamaq yerinə düşər. Bu görüşdə azarkeş kütləsi millimizin futbolçularını tək qoymadı.

- Azərbaycanın İsraillə görüşünü izləyə bildinizmi?
- İzlədim. Oyun bir tamaşaçı olaraq mənə çox xoş gəldi. Şükürlər olsun ki, oyun üslubunu tapa bilirlər. Amma yenə də futbolçularımız öz üzərində işləməlidirlər.

- İsraillə görüşdə qazanılan xalın Portuqaliya ilə oyunda millimizə ruh yüksəkliyi gətirəcəyinə ümid edirdinizmi?
- Adətən kimsə işi yaxşı görəndə ruhlanır və fasilə etməyərək növbəti addımlarını atır. Məncə, bu, hər bir insan kimi, futbolçulara da təsir göstərir. Amma unutmaq lazım deyil ki, Portuqaliya millisi Azərbaycandan xeyli güclüdür. Çünki bu millinin uğurlara imza atdığı tarix var.

- Portuqaliya ilə görüşdə millimiz tam potensialını göstərə bildimi?
- Mən bu oyunu az izlədim. Bildiyim qədər 3-0 hesabı ilə uduzmuşuq və bəzi epizodları boşa vermişik. Mən əslində qələbəyə o qədər də ümid etmirdim. Millinin qapıçısı mənim çox xoşuma gəldi. Əgər o olmasaydı, hesab daha böyük ola bilərdi.

- Son zamanlar Azərbaycan futbolu ilə bağlı kliplər çəkilməsi gündəmə gəlib. Buna münasibətiniz necədir?
- Bilirəm, bəzi müğənnilərin ifasında bunu eşitmişəm. Mən özüm isə “Neftçi” və “Qəbələ” klublarının himnini yazmışam, bəstəkarı isə Eldar Mansurov olub. Bundan əlavə, paralimpiyaçıların himinini yazmaq da mənə nəsib olub. Bu himnin bəstəkarı isə Azər Dadaşovdur.

- Futbolumuzla bağlı oxunan mahnıların səviyyəsi sizi qane edirmi?
- Bu, ən ağrılı yerimizdir. Əlbəttə, bütün ifalar heç də adama xoş gəlmir. İdman mahnılarının səviyyəsində əsərlər yaranmır. Əvvəllər biz idman marşı eşidəndə bədənimizin tükləri biz –biz olurdu. Amma indi bunu hiss etmək olmur. Musiqidə başqa çalarlar əlavə olunub. Bəlkə bu da zamanla öz həllini tapar.