Əxlaqsızlıq etmək üçün həmişə bəhanə var

exlaqsizliq-etmek-ucun-hemise-behane-var
Oxunma sayı: 1290

Seymur Verdizadə

Bakının mərkəzində yerləşən dəbdəbəli barların birinə daxil olanda mühafizəçi təəccüblə üzümə baxdı. Bu mənzərənin şahidi olan dostum ağzını qulağıma yapışdırdı: “Bu qapıdan ilk dəfədi boynunda qalstuk olan adam keçir”.

Onu məzəmmət etməklə az da olsa, təsəlli tapmaq istədim: “Günah səndədir. Mənim barda nə işim var? Biabır olduq”.

Dostum maşında dediyi sözləri bir də təkrarladı: “Narahat olma. Bu vaxt barda ancaq qızlar olur. Müştərilər gələnə kimi söhbətimizi edib, aradan çıxarıq”.

Salon boş olduğundan oturmaq üçün münasib yer tapmağa çətinlik çəkmədik. Yerimizi rahatlamağa macal tapmamış yarıçılpaq ofisiant başımızın üstünü kəsdirdi: “Nə içəcəksiniz?”

Dostuma ağzını açmağa imkan vermədim: “Çiyələk mürəbbəsi ilə çay gətir”.

Qızın gözləri böyüdü: “Nəə?”

Dostum söhbəti dəyişdi: “Müdiriniz burdadır?”

Qız dilinin ucu ilə “hə” deyib, maraqla bizi süzdü. Dostum ondan xahiş etdi ki, müdiri bura çağırsın. Qız başını aşağı salıb, sakitcə uzaqlaşdı...

Müdir 28-30 yaşlı cavan bir oğlan idi. Əynində dar cins şalvar, qısaqol köynək vardı. Dostumla köhnə tanışlar kimi görüşüb, hal-əhval tutdu. Sonra mənə əl uzatdı: “Azər”.

Özümü təqdim etmək istəyəndə gülümsəyib, dostuma tərəf çevrildi: “Müəllimi tanıyıram”.

Azər masanın arxasında yerini rahatlayan kimi bayaqkı ofisiantı yanına çağırdı: “Bizə viski və meyvə gətir”.

Dostum birbaşa mətləbə keçdi: “Qızlardan kim var?”

Azər baxışlarını üzümdə gəzdirib, çəkinə-çəkinə dedi: “Təzə işçi götürmüşük, üç ayın gəlini olub”.

Dostum əl-ayağa düşdü: “Yox, yox, sən bizi düz başa düşmədin. Müəllim yazı hazırlayır. İstəyir ki, qızlarla görüşüb, bir az məlumat toplasın”.

Oğlan üzrxahlıq etdi: “Siz Allah, bağışlayın. Yanlış anladım. Bu dəqiqə hamısını çağıraram. Onsuz da ürəkləri doludu. Amma xahiş edirəm, heç birinin adını yazmayın”.

Mənim əvəzimə dostum cavab verdi: “Yüz faiz arxayın ola bilərsən”.

Bir neçə dəqiqə sonra masanın arxasında beş qız əyləşdi. Bu cür situasiya ilə ilk dəfə qarşılaşdığım üçün hardan başlayacağımı bilmirdim. Söhbətə dostum körpü saldı: “Günkadan yazın. Əri Ukraynaya qaçıb”.

Mənimlə üzbəüz əyləşmiş qız deyinməyə başladı: “Danışmağa adam tapmadınız? O əclafın adı gələndə başım ağrıyır”.

Utanıb-çəkinməyin yeri deyildi. Gülə-gülə soruşdum: “Ay qız, sən o kişiyə nə etdin ki, Ukraynaya getdi?”

Qız sifətini tutşutdu: “Onun kişi boyunu yerə soxum. Üç ay evli olduq, bir dəfə evə bazarlıq eləmədi. “Alkaş”ın, narkomanın biri idi. Axırda da anasının qızıllarını satıb, aradan çıxdı”.

Dostum replika atdı: “Sən də birbaşa bara üz tutdun...”

Qız onun bu sözləri kinayə ilə dediyinin fərqinə varmadığı üçün təmkinlə cavab verdi: “O vaxt bir aylıq hamilə idim. Ərim yoxa çıxan kimi bir ara həkimi tapıb, uşağı tələf elətdirdim”.

Hirsimi boğa bilmədim: “Sən bunu necə elədin? Vicdanın heç sızıldamadı?”

Qız halını pozmadı: “Ərim yaxşı adam olsaydı, uşağı təkbaşına böyüdərdim. Amma bilirəm ki, o itin küçüyü də özünə oxşayacaqdı...”

Bu cür hekayələri əvvəllər də çox eşitmişəm. Bilirəm ki, əxlaqsızlıq etmək istəyənlər həmişə bəhanə tapırlar. Odur ki, bu mövzunu davam elətdirməyə ehtiyac yox idi. Amma sağ tərəfimdə əyləşmiş balacaboy, ilk baxışdan məsum uşaq təsiri bağışlayan qızı sorğu-sual etmədən masadan qalxmaq istəmədim. Ona tərəf çevrilib “sən ki, balaca uşaqsan. Burda nə işin var?”, - dedim.

Qız əvvəl özünü itirdi. Sonra isə kəkələyə-kəkələyə danışmağa başladı: “Uşaq nədi? 19 yaşım var”.

Dərindən ah çəkdim. Qız dil-boğaza qoymadan özünə bəraət qazandırmağa çalışırdı: “Vallah, mənim günahım yoxdur. Kənddə yaşayırdıq. Atam məni qonşumuzun oğluna ərə verdi. Toydan sonra Bakıya köçdük. Yoldaşım avaranın biri idi. Heç bir yerdə işləmirdi. Bir gün qəfildən yoxa çıxdı. Sonra öyrəndim ki, özündən 19 yaş böyük olan dul bir qadının evinə girib”.

Onun sözünü yarımçıq kəsdim: “Cəhənnəmə girsin! Sən də qayıdaydın atanın evinə”.

Qorxa-qorxa belə dedi: “Müəllim, bizim kənddə boşanmış qızlara pis baxırlar...”

Əsəblərimi cilovlaya bilmədim: “Sizin kənddə bar qızlarına yaxşı baxırlar?”

Masanın üstündən götürdüyü “salfetka” ilə gözünün yaşını silib, pıçıltı ilə dedi: “O kənd ancaq mənim meyitimi görəcək...”

Digər qızları sorğu-sual etməyə lüzum görmədim. Bilirəm ki, onlar daha kədərli hekayələr nəql edə bilərlər. Odur ki, ayağa qalxdım. Amma nə qədər çalışdımsa, dilimin ucuna qədər gələn sözləri geri qaytara bilmədim: “Qızlar, unutmayın ki, əxlaqsızlıq edən qadın bu hərəkəti ilə təkcə həyat yoldaşının deyil, həm də atasının və qardaşının papağını yerə soxur”.

P.S.Dünən bu sətirləri klaviaturada döyəcləyəndə dostum zəng etdi: “O balaca qız kəndlərinə qayıdıb”.

P.P.S.Dünəndən bəri gözlərimi telefonun ekranından ayırmıram. İnanıram ki, masanın arxasında bizimlə yanaşı əyləşmiş o qızların ən azı ikisi bu iyrənc həyata “yox” deməyə özündə cəsarət tapacaq. Zəng elə, dostum...