Eybəcər analar

eybecer-analar
Oxunma sayı: 1097

Azər Qismət

Gi de Mopassanın “Eybəcərlər anası” hekayəsində kübar ailənin hamilə qadını burnuna çatan qarnının bədən mütanasibliyinə namünasib olduğunu görüb kəmərlə bərk-bərk sıxır. Kənddə isə bir oğlanın şirin dilinə aldanan qız biabırçılığın ortaya çıxmaması üçün qarnına taxta bağlayır. Nəticədə eybəcər doğulur. Və o eybəcəri görmək üçün adamlar pul verib gülürlər. Biri bədən mütənasibliyinin dərdinə qalır, o biri rüsvayçılığını ört-basdır edir. Fikirlər fərqli, əməllər eyni.   

Keçən il Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə 3 237 meyit gətirilib. Onların arasında yeni doğulan körpələrə də rast gəlinib. Uşaqlar adətən xəstəxanalarda yenidoğulmuşlara, ya da ölü doğulanlara aiddir. Onların da çoxunu yiyəsi götürmür. Bunlar da sahibsiz meyitlər sırasına aid edilir.  

Uşaqların ölü doğulması bir yana, yeni doğulan sağ körpələrin zibilliklərə atılması halları çoxalıb. Hansısa qız səhvə yol verib hamilə qalıb və Mopassanın qəhrəmanı kimi qarnına taxta parçası bağlayıb bilinməməsi üçün sıxmayıb, nə də eybəcərlər anasına dönməyib. Uşağı doğub və izi itirmək üçün zibilliyə atıb. Körpələrini atanların içində yetkin qadınlara da rast gəlinib. Pozğun qadınlar vaxtında uşağı abort etdirməyə pul tapmayıb, həkim də vicdanlı çıxaraq iri uşağı kəsib-doğramayıb. Doğandan sonra “səhvini” düzəldib, bir azdan körpənin qığıltısı zibillikdən eşidilib. Bəzi körpələrin bəxti gətirib, elə ağlayıb ki, yaxınlıqdan keçənlər xilas ediblər. Bəziləri isə bu həyata ölüvay gəlib, nəticədə sakit halda da əcəlini tapşırıb. Deyirlər uşağa rəhmət düşmür. Amma istənilən halda o mələklərə Tanrıdan rəhmət diləyək. 

Körpəsini atanlar təkcə bizdə deyil. Dünyanın hər yerində vicdanını itirən analar var. Müxtəlif illərdə düşünülüb ki, anaları həbsxanaya salıb illərlə cəza versinlər ki, başqalarına da görk olsun. Bəzi ölkələrdə isə məcbur ediblər ki, uşaq 17-18 yaşına çatana qədər ana aliment versin. Gözlənilib ki, başqalarına dərs olacaq. Lakin dərs olmayıb. Ona görə yeni metod düşünülüb: Baby box qutuları.

Baby box-lar yeni doğulan körpələrin zibillik və tinlərdə acından, soyuqdan ölməməsi üçün yaradılıb. İtaliyada onu “həyatın beşiyi”, Yaponiyada “uşaq poçtu”, Çində “uşaq qurtuluşu adası” adlandırırlar. Belə qutuları uşaq evləri, yaxud perinantal mərkəzlərin yaxınlığında quraşdırırlar. Qutunun qapısı plastik məmulatdandır, içinə isə beşik qoyulur. Daxildə videokamera quraşdırılıb, istilik sistemi ilə təchiz olunub. Vicdansız ana körpəni qutuya qoyan kimi qapı avtomatik olaraq bloklanır. 15 saniyə keçir, tibb bacısının otağına siqnal ötürülür. Qutunun yerləşdiyi ərazidə isə videokamera quraşdırılmır ki, birdən “ana” nəzarət altına düşməkdən çəkinər. Ancaq qutunun yanında gənc pozğuna, yaxud yetkin anacığa müraciət dərc edilir: “Qadın, öz qərarın barədə bir daha düşün. İstəsən aşağıdakı nömrələrə zəng et və biz sənin problemini daha sivil qayadad həll edək”. 

Əslində, baby box-lar müasir illərimizdə düşünülməyib. Hələ o 13-cü əsrdə Roma papası III Innokentinin ağlına gəlib. Vatikandakı baş kilsənin divarına taxtadan qutu bərkidilib. Qadınlar düşük uşaqları ora qoyub 2 dəfə zınqrovu çalarmışlar. Yalnız düşük uşaqları. Ürəyi döyünən uşağı qoymaq qadağan işlər siyahısına daxil olub, cəza ya tonqalda yandırılmaq, ya da həbsxanada çürüdülməklə nəticələnib.  İndi Avropanın bütün ölkələrində Baby box-lar quraşdırılıb. Birinci belə qutu 2000-ci ildə Almaniyanın Hamburq şəhərində tətbiq edilib. Rusiyada quraşdırılan belə qutular isə ananın vicdanının oyanması üçün siqnalı gec ötürür. Qadın körpəni qutuya qoyandan sonra düşünməsi üçün vaxt verilir. Əgər 10 dəqiqə ərzində qadın düşünüb-daşınmasa siqnal işə düşür. Ana qutuya körpəyə qoyduğu adı da yazır. Hətta bəziləri tələb də irəli sürürlər: “Mənim körpəmdən muğayat olun”. Qəribə tendensiyadır, uşağı atır və onun qayğısına qalmağı başqasından tələb edir.  

Azərbaycanda Baby box-lar yoxdur. Acınacaqlı olsa da onu quraşdrmaq lazım gəlir. Bu həm də gizli uşaq alverinin də qarşısını alar. Həm də axı körpələr zibilliklərdə ölürlər?! Düşünülə bilər ki, belə qutular bu zərərli tendensiyanın artan xətlə inkişafına gətirib çıxarar. Yəni, dəlinin yadına daş salar. İnanmıram belə olsun. Çünki vicdan heç də hər qadında ölmür. Candan asanlıqla can qopması bütün qadınlara xas xüsusiyyət deyil. Bunun üçün yalnız vicdansız doğulmalısan.