Əylisliyə vurulan ən böyük zərbə

eylisliye-vurulan-en-boyuk-zerbe
Oxunma sayı: 642

Bunlardan məhrum olanlar isə özlərini dışlanmış, gözdən düşmüş hesab edirdilər. Normal cəmiyyətlərdə bu kimi fəxri adlar sahiblərinə heç bir üstünlük qazandırmır. Əslində demokratik ölkələrdə heç belə fəxri adlar mövcud da deyil. Ədəbiyyat və incəsənət adamlarına fəxri adları sovet hökuməti stimullaşdırıcı vasitə olaraq verirdi. Ən əsası isə bu cür adları verib əvəzində yaradıcı adamların azadlığını, müxalifliyini, sərbəstliyini əllərindən alırdılar.

***

Dünən prezident İlham Əliyev Əkrəm Əylislini “xalq yazıçısı” fəxri adından və prezident təqaüdündən məhrum edən sərəncam imzalayıb. Buna səbəb yazıçının “Daş yuxular” romanında anti-Azərbaycan mövqeyindən çıxış etməsi göstərilir.

Bu prosesdə Ə.Əylisliyə vurula bilən ən böyük zərbə onun fəxri addan və təqaüddən məhrum edilməsi idi. Sovet yazıçısına bundan böyük mənəvi-psixoloji zərbə ola bilməz. Ə.Əylisli də tipik sovet yazıçısıdır. O quruluşun havası hələ də onun başındadır. Bu nəslin fəxri addan məhrum edilməsi, bu şəkildə pisikdirilməsi onlar üçün dözülməsi mümkün olmayan travmadır. Yazıçı prezidentin bu sərəncamını onun üçün gözlənilməz addım hesab etdiyini deyib. Sitat: “Heç yatsam yuxuma da girməzdi ki, prezident belə bir sərəncam imzalayacaq və məni fəxri adımdan məhrum edəcəklər”.
Demək, Əkrəm Əylisinin yatsa yuxusuna da girməzdi ki, bu iqtidarın dövründə Heydər Əliyevin ona verdiyi fəxri adı və təqaüdü vaxt gələr ondan geri alarlar. Çünki mövcud hakimiyyət üçün Heydər Əliyev amilinin toxunulmaz olduğunu hamı kimi yazıçı da bilməmiş deyil. Amma görünür, hakimiyyət üçün “Daş yuxular” necə ciddi bir problem yaradıbsa, Heydər Əliyevin verdiyi fəxri adı və imtiyazı onun öz oğlu geri qaytarmalı oldu.
Prezident bu addımı ilə Əkrəm Əylislini özündən və hakimiyyətindən araladı. Ona heç bir güzəşt tanımayacağını açıqca ifadə etdi. Dövlət bəzən sərt üzünü göstərməlidir ki, başqa ermənipərəstlərə də dərs olsun. Kimsə düşmənə yaltaqlanmağa həvəslənməsin. Yatıb yuxusunda Eçmiədzini görməsin və s.

Bu proses ortaya başqa maraqlı təfərrüatları, faktları da çıxardı. Sən demə, Əkrəm Əylislinin oğlu Azərbaycanda ən çox korrupsiyalaşan bir qurumda - Dövlət Gömrük Komitəsində “hörmətli” şöbələrdən birinin müdiri vəzifəsində çalışırmış. Əkrəm müəllim də vaxtaşırı haqq-ədalətdən, xalqın məmurlar tərəfindən soyulmasından danışır, hakimiyyəti korrupsiyaya, rüşvətxorluğa meydan verdiyinə görə sərt tənqid edirdi. Heç demə, onun öz oğlu bu ölkədə korrupsiya və rüşvət piramidasının başında dayanan bir orqanda yüksək vəzifə tuturmuş. Yəni yumşaq ifadə etsək, “o əjdaha”dan Ə.Əylisinin öz ailəsində də var imiş... Adama deyərlər, bu nə pəhriz, bu nə turşu...
Yeri gəlmişkən, bir məqama da toxunmağı lazım bildik. Hakimiyyət Əkrəm Əylislini erməniləri müdafiə edən, Azərbaycanı və millətimizi aşağılayan, dilimizi gödək, başımızı aşağı edən roman yazdığına görə tənqid edir, qınayır, hədəf götürür, verdiyi mükafatları geri alır. O romana görə iqtidar cəbhəsindən verilən reaksiyaları təbii saymamaq mümkün deyil. Çünki bu roman Qarabağ məsələsində dövlətin apardığı ideoloji xətti ciddi şəkildə zədələməklə yanaşı, Azərbaycana uzun illər problem yaradacaq. Amma bununla paralel olaraq Qarabağ cəbhəsində vuruşmuş, erməniyə güllə atmış, Azərbaycanın müstəqilliyi uğrunda ağır və şərəfli mübarizə yolu keçmiş Tofiq Yaqublunu şərləyib həbs etdirir... İqtidar bu yanlışı tezliklə aradan qaldırmasa, onun Əylisli mövzusunda səmimiyyəti ciddi şəkildə şübhə doğuracaq...
Əkrəm Əylisli bu millətin namusuna, şərəfinə dil uzadıb. Bu, şübhəsizdir. Amma çox maraqlıdır ki, bu məsələdə Azərbaycanın milli-demokratik düşərgəsinin aparıcı simaları susqunluq nümayiş etdirirlər. Bir yazıçı bizim hamımızın haqqını poza bilər, dünənimizi, bu günümüzü, sabahımızı təhrif və təhqir edə bilər, amma kimlərsə buna görə səsini çıxaranda dərhal demokratiya, insan haqları yada düşür. YAP Əkrəm Əylisliyə hücum edib deyə, müxalifət liderləri səsini çıxarmır. Və yaxud bəzi “demokratlar”, “kitab oxuyanlar”, insan haqlarının “sayıq keşikçiləri” Əylisliyə olan hücumları insan haqlarına, düşüncə azadlığına zidd sayır. Bu yanaşmanın özü demokratiyaya, insan haqlarına, düşüncə azadlığına zidd deyilmi?

***
Adamı ən çox ağrıdan bilirsinizmi nədir? Kəndi, el-obası erməni işğalında olan bəzi dostlarımız Əkrəm Əylislini ermənipərəst roman yazdığına görə elə müdafiə edirlər ki... Bircə çırtıq çalıb oynamaqları əskikdi.