Eyni mənzili bir neçə nəfərə satan vəzifəli şəxslərin məhkəməsi başlayıb

eyni-menzili-bir-nece-nefere-satan-vezifeli-sexslerin-mehkemesi-baslayib
Oxunma sayı: 1693

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən, "Bakı" MTK-nın vəzifəli şəxsləri Çingiz Bağırov və Eynur Xudiyevin məhkəməsi başlayıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Məlum olub ki, Ç. Bağırov 14 il bundan əvvəl quldurluğa görə məhkum olunub. O bildirib ki, ittiham aktında yazılanlar cəfəngiyyatdır. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses oktyabrın 27-də davam etdiriləcək. 

İttihama görə, adıçəkilən şəxslər başqasına satılan mənzili təkrarən bir neçə nəfərə sataraq dələduzluq ediblər. Onlar Ruslan Babayevin adına olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 6 nömrəli binanın 6-cı mərtəbəsində yerləşən 68 kvadratmetrlik mənzili 2014-cü il dekabrın 10-da Siyavuş Dadaşova 166 min 600 manata satıblar. Həmin mənzili dekabrın 30-da 180 min dollara Ramiz Hüseynova satıblar.

Adıçəkilən şəxslər bu işləri şirkətin İdarə heyətinin sədri Emil Məhərrəmovla birgə həyata keçiriblər. Daha sonra onlar Rəşad Əliyevdən 144 min dollar, Fuad Babayevdən 135 min manat alaraq başqalarına satdıqları mənzili təkrar satıblar. Ulduzə Cəbrayılovaya məxsus mənzili Eldar Rüstəmova 170 min manata, İmam Süleymanlıya məxsus mənzili isə Dilşad Məmmədovaya 99 min 500 manata satıblar.

Murad Əhməd