Əyyaş mollalıq edirsə...

eyyas-mollaliq-edirse
Oxunma sayı: 1659

Qan Turalı 

Sənətimiz bu gün hansı vəziyyətdədir? O sabaha nə vəd edir?

Mövzuya uyğun bir rəvayətlə başlayaq.

Türkiyədə Bəkri Mustafa deyilən tarixi bir şəxsiyyət yaşayıb. Yüksək təhsil alıb, əvvəlcə atasının yanında ticarətlə məşğul olub. Sonra meylini əyyaşlığa salıb. Onun əyyaşlığı ilə bağlı çoxlu lətifələr, rəvayətlər, əhvalatlar qalıb. İçkini qadağan edən Osmanlı sultanı IV Muradın hüzurunda belə içki içdiyi deyilir.

Bir gün Bəkri Mustafa məscidin qabağından keçirmiş. Məsciddə də cənazə qoyulub, camaat cənazə namazı üçün mollanı gözləyir. Bəkrini görən kimi elə biliblər molladır. Camaatın əlindən xilas olmaq istəsə də bacarmır. Məcbur olub namazı qıldırır. Namazdan sonra ölünün yanına gedib onun qulağına nəsə deyir və uzaqlaşır.

Camaatdan bir nəfər onun yanına gedib ölününü qulağına nə dediyini soruşanda Bəkri belə cavab verir:

“Bilirəm ki, səndən o dünyada soruşacaqlar ki, bu dünyada vəziyyət necədir? Sən uzun danışma, bircə denən ki, əyyaş Bəkri mollalıq edir, özləri hər şeyi başa düşəcəklər”.

Əslində yazını burda da bitirmək olardı...

Hər şey çox aydın deyilmi?

Amma biz yenə yazaq. 

Komik aktyorumuz Çarli Çaplinin bir filminin adını bilmir.

Əməkdar aktrisamız Tarkovski tanımır.

Adları çəkib prosesi şəxsiləşdirmək istəmirəm.

Həsən Məmmədov bir zamanlar bizim kinomuzun siması idi.

Ərəblinskini demirəm, üstündən çox keçib, bu yaxınlara qədər Həsənağa Turabov səhnəmizin ulduzuydu.

İndi sima kimdir?

İncəsənət sahəsində təhsili belə olmayan, kolbasa-sosiska-supermarket reklamlarında oynayan bir ovuc təlxək...

Ləhcə ilə danışmağı aktyorun gücü sayanlar...

Mən nostalgiya tərəfdarı deyiləm. Amma gerçək budur ki, sovet dövrü sənətinin yanında indiki sənətimiz əsl özfəaliyyətdir. Çəkilən kommersiya filmləri heç bir il sonra belə yada düşmür. 

“Su gələn arxa bir də gəlir” deyirlər. Əlbəttə ki, arxın qabağına daş doldurmasan...

İndi də çox möhtəşəm aktyorlarımız var. Amma hardadılar? 

Cüzi maaşla bir küncdə qalıblar, bu ucuz filmlərdə, reklam buraxılışdan ibarət olan seriallarda oynamamaq, sənətlərini, simalarını qorumaq üçün bir kənara qısılıblar. Onlar sabaha bəlkə böyük rollar apara bilməyəcəklər. Amma öz simalarını qoruyub saxlayacaqlar. İndiki dövrdə bunun özü də böyük ucalıqdır.

Şair demişkən, ucalıqlar qalacaq. Qədirbilən xalqımız da sənət təəssübü altında sənətə aidiyyatı olmayanların tamaşasına gedir, filminə baxırsa... Onları toyuna dəvət edirsə...Demək hələ də Əyyaş Bəkri mollalıq edir...