“Əziz Əliyev. Biblioqrafiya” təqdim olundu - Fotolar

eziz-eliyev-biblioqrafiya-teqdim-olundu
Oxunma sayı: 843

Azərbaycan Milli Kitabxanasında “Əziz Əliyev. Biblioqrafiya” kitabı və “Əziz Əliyev” elektron məlumat bazasının təqdimat mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Milli Kitabxana tərəfindən hazırlanan və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çap olunan kitab görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinə həsr edilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Prezident İlham Əliyevin 18 noyabr 2016-cı il tarixli Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzaladığını bildirib.

Qeyd edib ki, Əziz Əliyevin yubileyi respublikamızda silsilə tədbirlərlə qeyd olunur. Görkəmli alimin vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışan direktor təqdim edilən kitabın Əziz Əliyevin xatirəsinə hədiyyə olduğunu diqqətə çatdırıb.

Daha sonra Milli Kitabxana tərəfindən hazırlanmış Əziz Əliyev haqqında qısa film nümayiş olunub. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətindən,  respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasında xüsusi xidmətlərindən söz açıb.

Bildirib ki, tariximiz və cəmiyyətimiz üçün töhfə verən insanların həyat və fəaliyyətləri dəyərli nəşrlərdə tarixə köçür. Bu gün görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyi ərəfəsində nazirlik bu biblioqrafik göstəricini nəşr etməklə xalqımıza xidmət etmiş övladına öz töhfəsini vermiş olur.