Əziz Əzizov rayon sakinləri ilə görüşüb - Foto

eziz-ezizov-rayon-sakinleri-ile-gorusub
Oxunma sayı: 1104

Mayın 16-da Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində Eldar Ağayev küçəsi 333-cü binanın həyətində sakinlərlə keçirib.

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşdə Əziz Əzizov çıxış edərək aprelin 30-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı tərəfindən aparılan liberal dəyərlərə əsaslanan dayanıqlı islahatlar haqqında sakinlərə ətraflı məlumat verib. İcra başçısı Eldar Ağayev küçəsində və ona paralel həyətyani ərazilərdə də asfalt-beton işlərinin aparılıdığını vurğulayıb.

Daha sonra icra başçısı Yasamal rayonunda ötən ilin əvvəlindən başlayaraq mövcud problemlərin həllinə yönəlmiş və hal-hazırda davam etdirilən, yaxın gələcəkdə rayonun bütün ərazisini əhatə edəcək iri miqyaslı abadlıq-quruculuq işlərinin 2019-cu ildə də davam etdiriləcəyini və bu il ərzində daha 24 abad məhələnin salınacağını qeyd edib.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və onları narahat edən suallarla bağlı Əziz Əzizova müraciətlər ediblər. Sakinləri maraqlandıran məsələlər əsasən kommunal xidmətlər, su və küçə işıqları, sahibsiz itlərin verdiyi narahatlıq və ağacların budanması ilə bağlı olub. İcra başçısı səyyar qəbul-görüşdə sakinləri maraqlandıran suallara ətraflı cavab verərək qaldırılan digər məsələlərin tezliklə həyata keçiriləcəyini və cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə göstərişlər verib.