“FAB” boyaları - Rənglərin bahar təravətində

fab-boyalari
Oxunma sayı: 2006

Heydər Əliyev Fondunun “Regional İnkişaf “ İçtimai Birliyi (RİİB), Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “FAB” Boya və Kimya Sənayesi MMC və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Rənglərin bahar təravəti” adlı dekorativ tətbiqi sənət əsərlərinin açıq hava sərgisi təşkil olunub.

“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, Dənizkənarı Milli Parkda təşkil olunan sərgidə altmışdan cox rəssamın əsərləri nümayiş olunub. 

Qeyd edək ki, əl işləri xüsusi hazırlanmış (70 sm x 50 sm ölçüdə)  yumurta maketlərinin  üzərinə çəkilib. Sərginin məqsədi milli adət-ənənələrimizi unutmamaq, onları sevdirmək və təbliğ etməkdir. 

Sərgi martın 21-nə kimi davam edəcək.

“Fab Boya və Kimya Sənayesi MMC”nin təsisçisi Anar Əliyev müsahibəsində sərgi haqda danışıb:

“Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi xüsusi qayğının nəticəsidir ki, bu gün biz sahibkarlar da sosial məsuliyyətimizi dərk edərək belə tədbirlərə təşkilatçılıq edirik. Azərbaycan xalqının zəngin milli dəyərlər sistemini və adət-ənənələrini özündə yaşadan bayramlar sırasında Novruz xüsusi yer tutur. Xalqımızın mənəvi dünyası və həyata baxışı Novruz mərasimlərində dolğun əks olunub. Novruzun ən sevilən simvollarından biri də boyanmış yumurtalardır. Yumurtaların boyanmasında milli naxışlarımızdan istifadə edildikdə, adətən onların hər biri sənət əsərinə çevrilir. Bu gün 60-dan çox  rəssamin iştirak etdiyi bu sərgi gözəlliyi və qeyri-adiliyi ilə şəhərimizin sakinləri və gələn qonaqların marağına səbəb olub.

“FAB” boyalarında müsabiqələrin təşkili artıq ənənə halını alıb. Təhsilin, incəsənətin, ədəbiyyatın inkişafına, gənclərdə bu sahələrə marağın artmasına xidmət edən belə layihələri ənənəvi şəkildə bundan sonra da davam etdirəcəyik”.