Facebookda dəli oynatmaq qaydaları

facebookda-deli-oynatmaq-qaydalari
Oxunma sayı: 1941

Qan Turalı 

Haqverdiyevin çox sevdiyim bir hekayəsi var, dəlilər haqqındadır. 

Söz düşmüşkən deyim ki, Haqverdiyev bir yazıçı kimi daim Mirzə Cəlilin kölgəsində qalmışdır.
Bunun səbəbi nə idi? 

Onun “Ölülər”, “Danabaş kəndinin əhvalatları” kimi monumental irihəcmli əsərlər yazmaması yoxsa karyerasının son illərindəki müsavatçıları qadın təcüvüzçüsü kimi göstərən mənəvi böhranı?

İstənilən halda Haqverdiyev xüsusən balaca hekayənin böyük ustadlarından biridir və haqqında danışacağım “Uca dağ başında” hekayəsi də ədəbiyyatımızın söz yox ki, ən parlaq hekayələrindəndir.

Klassik mənada bu hekayəni hekayə də adlandırmaq çətindir, çünki nə süjeti var, nə də konkret bir mətləbi.

Sadəcə olaraq yazıçı bir neçə adamdan bəhs edir, vəssalam.

Lakin hekayədə müəllifin özünün də yazdığı kimi “bu obrazların hər biri bizim cavan yazıçılarımız üçün bu adamların hər biri bir tip, hər biri bir kоmediya üçün qəhrəman оlmağa layiqdir”.

Elə ki payız gəldi və şəhər təzədən çadırşəbini başına çəkdi, şəhərin övzaı tamamən dəyişilir. Tərəddüd azalır, ticarət kəsilir, camaat bikarlayıb özünə məşğuliyyət axtarır.

Məşğuliyyətlərin ən birincisi dəli оynatmaqdır. 

Deyir dəli olmayanda da bir adamı dəli eləyib ortalığa salırlar ki, bekarçılıq (lüğətdə bu söz bikarçılıq kimi verilir və düzü başa düşmürəm niyə? Bəlkə Bakı dialektinə görə?) olmasın, baş qatışsın.

Nəsə, özünün hekayəni internetdən tapıb oxuyarsız, keçək əsas mövzumuza.

Bu dəqiqə Azərbaycan da elə Haqverdiyevin dediyi o məşhur şəhərdir ki, əsas məşğuliyyətimiz də dəli oynatmaqdır.

Görürsən ki, Facebookda bekarçılıq olur və tez hamı bir dəli axtarır ki, bekarçılıq olmasın, baş qarışsın.

Misal üçün elə götürək bu “Zaman Yolu” filmlərini...

Üç-dörd nəfər bekarçılıqdan (özləri gəncləri maarifləndirmək deyirlər) bir kameranı əllərinə götürüb 4-5 qısa film çəkib qoydular ortalığa.

Qardaş gəlib qardaşına dinə aid üç sual verir, o da şilləni qoyur ki, ağrını necə hiss edirsən?

Ya da bir əlil dostuna mərciylə Pepsi alır, o da yeyəndə üstünə dağıdır, gedib təmizləyir, çıxanda da ofisiant qayıdır ki, siz bu kafedə dostluq, əxlaq qoyub gedirsiz.

Özlərinin də həvəskar adlandırdığı bu məşğuliyyət niyə bu qədər populyarlaşdı?

Çünki hamımız dəli axtarırdıq ki, yayın bu isti günündə bekar qalmayaq, başımızı qataq.

Özləri də bu qədər populyarlıq (oxu: lağ, tənə, təhqir, tənqid və s.) gözləmirdilər deyə dedilər daha biz bu işdən əl götürürük.

Xalqımızın kövrək ürəyi buna dözmədi, tez çoxlu dəstək mesajları yağdı ki, bəs, gəlin, qayıdın filmə...

Elə bir güclü ictimai dəstək yarandı ki, heç hörmətli rejissorumuz Eldar Quliyev kinodan getsəydi bu qədər dəstək ala bilməzdi.
(Bu yerdə söz yox ki, Eldar Quliyev kimdir deyə soruşanlar da olacaq)

Nazım Hikmət Mikayıl Rəfiliyə ithafən yazdığı ölməz şeirində belə deyir:

“yapılan işin ya çok iyisi yaşıyor bizden sonra,
ya çok kötüsü.
seninki orta halliydi sanırım,
benimki de öyle”.

Nazımın təvazökarlığı öz yerində, amma çox dramatik bir məsələdir.

Yaxşı filmlər heç bizdə bu qədər rezonans doğura bilmir, nəinki pis filmlər.

Eləcə də pis romanlar, xəbərlər, yazılar, şeirlər…

Eləcə də ağıllı sözlər, məntiqli mühakimələr…

Dəli oynatmağa meylimiz çoxdur.

Özümü də qətiyyən qırağa qoymuram.

Necə deyərlər, hamımız Azərbaycanlıyıq.

Elə türk qardaşlarımız da elədi.

Başqa ölkə olsa bu boyda seçki bitib, analizlər edərlər, şərhlər verərlər, müzakirə gedər.

Amma baxırsan hamızı zarafat eləyir, kaps düzəldirlər, zarafat quraşdırırlar, qısası baş qatırlar.

Hərçənd burda pis şey də yoxdu.

Yazının sonunda istəyirəm o hekayədən bir parça verim, oxuyun, onsuz da dilçilərimiz demiş, möhkəm bikarçılıqdır.

Dördüncü tühəf (qəribə-Q.T.)– Əsəd dayı idi ki, camaat оna “mоlla Əsəd” deyərdi. Bu kişinin kökündən savadı yоx idi. Hətta öz adını da yazmağı bacarmazdı. Bu adam risalə dəlisi idi. Təzə bir müctəhid çıxan kimi, оnun risaləsini gətirib savadlılara оxudub əzbər edərdi. Sоnra risaləni götürüb düşərdi şəhərə. Hər yerdə ki bir məclis tərtib оlundu: tоymu, vaymı, mоlla Əsədi оrada görərdin. Camaat оrtaya bir təharət, ya izaleyi-nəcasət məsələsi təfrih üçün salıb mоlla Əsədi çəkərdilər mübahisəyə. Mоlla Əsəd bir qeyzlə mübahisə edərdi ki, ağzından köpük daşardı və görərdin yerindən diz-dizi sürünüb gələrdi məclisin оrtasına, оrada qışqırmağa başlardı:

– Ay bədbəxtlər, ay dünyadan bixəbərlər, məgər cəhənnəm əzabından qоrxmursunuz? İnkir-minkir sualına nə cavab verəcəksiniz? Qiyamət sоrğu-sualından diliniz tutulub cavab verə bilməyəcəksiniz. Cəhd edin vaxt var ikən səhviyyat, şəkkiyyatınızı öyrənin. Füruüddinə diqqət verin, yоxsa qiyamətdə peşmanlıq səmərə verməz.

Camaat başlarını bulayıb deyirdilər: “Allah sənin imanını kamil etsin, mоlla Əsəd dayı! Nə yaxşı bizim səhvimizi bizə öyrətdin”. Mоlla Əsəd dayı da bu sözləri ciddi hesab edib deyirdi: “Əmr bəmə”ruf və nəhy əz münkər  hər bir müsəlmanın bоrcudur. Mən bu barədə danışmasam, məşğuli-zimmə оlaram. Hər alim gərək bildiyini bilməyənlərə öyrətsin”.