Facebookda düşmən siyahısı

facebookda-dusmen-siyahisi
Oxunma sayı: 1666

Fərid Hüseyn


Facebook qəribə bir ünvandır, real həyatla içi-içədir, saysız oxşarlıqlar tapmaq olar. Facebook mentaliteti, mentalitetdən doğan xarakterləri, xarakterlərin diktələrini dəqiq göstərir. Facebook hamını öz fikrinə görə məsuliyyət daşımağa vadar edir.

Bir dəfə vəzifəli adamlardan biri öz işçisini çağırıb deyib ki, bizim yollarımız ayrılacaq, çünki sən mənim düşmənimin statusunu bəyənmisən. Əvvəlcə bunu eşidəndə inanmamışdım, sonra başqa bir adamı da eyni situasiyada danlaması məni az-çox inanmağa vadar etdi. “Düşmənimin düşməni mənim dostumdur” prinsipi hər zaman olub, bu gün də var. Belə olan təqdirdə heç nədən düşmən tapmağa gen-bol imkan yaranır. Məsələn, sən öz estetikanda, dünya görüşündə olmayan adamları seçmək üçün zəhlən gedən bir adamın statusuna baxanda “like”-ni görüb onu “düşmən siyahı”sına sala bilərsən. Bəzi adamlarsa belə məsələlərdən əməlli-başlı istifadə edir. Məsələn, bir fikri atır ortaya, o fikri dəstəkləyənləri sonra öz bildiyi kimi incidir, onlardan qisas alır. Bu hal mənə Türkoloji qurultayı xatırladır...

Deməli, repressiyaya qədər baş tutan Türkoloji qurultayın keçirilməsində bir məqsəd də o olmuşdu ki, “türkçülük, türkçülük” deyənləri seçib, ayırsınlar, müəyyənləşdirsinlər. Təbii ki, qurultaydakı mətnlər də əsaslı sənəd kimi, məruzələr isə təkzibolunmaz fakt kimi əldə idi. Çıxış edənlər, halal adamlar, dediyi fikrin arxasında dayananlar, vətən, millət və milli birlik, ən əsası əqidə uğrunda can qoyanlar sözlərini demişdilər. Onlara bunun üçün “meydan verilmişdi”. Bəs sonra nə oldu? Repressiya illərində onları birinci güllələdilər, sürgün etdilər. Tarixdə böyük ziyalı-alim soyqırımı kimi düşən bu fakt, bu gün də xatırlanır, pislənir. Ancaq bir az daha lokal, dar çevrədə - facebook-da düşmənlərini müəyyənləşdirmək üçün imperiya xislətli adamlar bu metoddan istifadə edirlər.

Onlar – belələri hər hansı saytda əleyhinə olduqları müzakirələr təşkil edir, kimlərisə həmin mövzulara cəlb edirlər. Daha sonra həm müzakirədə iştirak edənləri, həm onların bəyənmədikləri ideyaları “like” edənləri öz aləmlərində “qara siyahı”ya salırlar, qəlblərində “öldürürlər”, düşmən kəsilirlər. Yaxud da kimlərsə onların əleyhinə olan nələrisə “like” edəndə belə düşmən gözündə görürlər. Bütün bu darqursaq metodlar, istedaddan, əqidədənqısırların tələləri, yaxud “çoxbilmişlər”in üsulları facebook-u da dözülməz, başa düşmən yığan obyektə çevirir...