Facebookdakı azərbaycanlıların sayı açıqlandı

facebookdaki-azerbaycanlilarin-sayi-aciqlandi
Oxunma sayı: 633

«APA-Economics»in sosial şəbəkələrin statistikası ilə məşğul olan «Socialbakers» Mərkəzinə istinadən verdiyi məlumata görə, yanvarın 9-na olan məlumata əsasən, Azərbaycanda «Facebook»dan istifadə edənlərin sayı 957 540-a çatıb. Ötən ilin dekabrın 7-də isə bu rəqəm 919 min olub. Göründüyü kimi, Azərbaycanda «Facebook» istifadəçilərinin sayı son bir ayda 4,5% və ya təxminən 41 min artıb. Son 6 ay ərzində isə Azərbaycanda «Facebook»dan istifadə edənlərin sayı 134 min artıb.

Azərbaycan «Facebook» istifadəçilərinin sayına görə tərtib edilmiş dünya reytinqində 84-cü yerdə qərarlaşıb, halbuki 2012-ci ilin dekabrında Azərbaycan 83-cü mövqedə olub. Azərbaycan reytinqdə Gürcüstan (85), Qazaxıstan (94), Belarus (104), Estoniya (107), Latviya (109), Ermənistan (112), Moldova (118), Özbəkistan (137) və Qırğızıstan (147) kimi ölkələri qabaqlayıb.

Ümumiyyətlə, hazırda Azərbaycanda «Facebook»dan əhalinin 11,5%-i və ölkənin ümumi internet istifadəçilərinin 22,7%-i istifadə edir. Ölkədə sözügedən sosial şəbəkədən istifadə edənlərin 478 mini 18-24 yaş arasındadır.

Qeyd edək ki, «Facebook» istifadəçilərinin sayına görə ABŞ (168 mln.) birinci, Braziliya (64 mln.) ikinci, Hindistan (62 mln.) üçüncü, İndoneziya (51 mln.) isə dördüncü yerdə qərarlaşıb. Ümumiyyətlə, reytinqdə 213 ölkə yer alıb ki, «Facebook»dan ən az istifadə edən Vatikan əhalisidir. Belə ki, Vatikanda yalnız 20 nəfər «Facebook»dan istifadə edir.