Faciə gecəsi və ya “peraşki dövrünə” qayıdış...

facie-gecesi-ve-ya-peraski-dovrune-qayidis
Oxunma sayı: 5031

Kamran Quliyev paltdardəyişmə otağından çıxır, köynəyi su, sevincdən qan-tər içindədir. Asan iş deyil, 0:1 uduzduqları oyunu öz xeyirlərinə çevirib 3:1-lik qələbə qazanıblar.  Əslində burda Kamran Quliyevlik, heç Roberto Bordinlik də bir şey yox idi. Sadəcə rəqib Bakının istisində yorulmuşdu, Azərbaycana gələndə yaşadığı problemlər, iki əsas futbolçususuz qalmışdı. Kamran Quliyev də sevincindən tərə batmışdı. Gülə-gülə mükafatdan, futbolçuların mərdliyindən danışırdı...

Sağ olsun “Uypeşt” ki, Quliyevin təri soyumamış "4-nü" vurdu. Yəqin ki, indi o sevinc anlarının isti təri Kamran bəyə qışın qarlı vaxtında soyuq duş kimi gəldi.  Macarlar “Neftçi”ni təkcə məğlub etmədilər, əzib keçdilər. Normal qol epizodu yarada bilməyən təmsilçimiz acizlikdən başqa heç nə göstərə bilmirdi.

Mövsümün ortasında Elxan Məmmədovun uzaqgörənliyi nəticəsində çempionatın ən yaxşı komandalarından olan, Samir Abasovun sayəsində gün üzünə çıxan “Sumqayıt”dan Kamran Quliyev “Neftçi”yə gətirildi ki, tarixi klubumuzu gün üzünə çıxarsın. Quliyev elə “gənclik şəhəri” təmsilçisində də Abasovun əməyinin “kefini görürdü”.  Bordin üzünü qara etdi. Əslində italiyalı mütəxəssisdən öncə transferlərdən danışmaq lazımdır.

Ruslan Abışovun yerinə oynayan Slavko Braliçi almağa nə ehtiyac var idi? Menecerlərin dediyinə görə, agentinin onu balkanlarda təklfif etmədiyi klub yox idi. Elvin Yunuszadəni qaytarıb daha az maaşla ondan daha keyfiyyətli işə nail olmaq mümkün idi, cənab Bordin. Üzr istəyirəm, Kamran Quliyev. Axı, Bordin transfer işlərinə qarışmadığını bildirib.

Paratskinin əvəzinə ötən il “Səbail”də oynayan Mira Fayuk, Yevgeni Koçuk kimi oyunçuları heyətə cəlb etmək olardı? Yox, çünki biznes ayrıdır.

Bəh-bəhlə gətirilən Dario Federiko?  Braziliyalı ümumiyyətlə, zəif klubların şıltaq uşağına oxşayır. Ancaq özü üçün meydanda göstərdiyi 5-6 gözəl hərəkətlə azarkeşlərin alqışından başqa nə qazana və ya nə qazandıra bilər ki? Azərbaycan çempionatında “at oynadacaq”? Bacarar. Nə var ki, eyni yerdən maliyyələşən “Səbail”dən, “Sabah”dan, “Sumqayıt”dan, “Keşlə”dən xal almağa?

Kirill Petrov kimi müdafiəçini əminəm ki, ortabab klublar da transfer etməzdi. Çox ləng hərəkət edən ukraynalı daxili liqada əziyyət çəkirdi. Onun Avropa səhnəsində uğurlu olmasına inanmamaq üçün məşqçi olmağa da ehtiyac yoxdur.

 “Neftçi”dən nə qədər yazsaq, bitməz, tükənməz. Elə 70 illik tarixi kimi. İndi sadəcə tarix olan klubdan...

“Qəbələ”nin “Proqres”ə məğlubiyyətinə nə desək, azdır. Ən azından əminəm ki, Sənan Qurbanov və komandası bu məğlubiyyətə görə utanır və üzr istəməlidir azarkeşlərdən. Hansısa bir qəsəbə komandasına evdə uduzmağın nə adı ola bilər ki? Elə kapitanları Cavid Hüseynov demişkən meydana kim çıxır-çıxsın biz “Proqres”ə uduzmamalıyıq.  Güvəndiyi dağlara tez yağdı qar. Əslində, “Qəbələ” ətrafında baş verənlər, büdcənin azaldılması klubun qitə meydanlarında uğurlu çıxışına ümid vermirdi. Amma “Proqres”ə uduzacaq səviyyədə ümidsiz də deyildik...

“Keşlə”nin daxilində baş verənlər yəqin ki, gec-tez üzə çıxar. Maltada çilingərdən, saç ustasından, balıqçıdan yığılmış komandaya 1:4 uduzmaq hansı tamaşanın ilk pərdəsi idi? Əslində, ikinci pərdə də açıldı. Yuri Maksimov mövsüm sonundan gedirəm-gedirəm deyib getdi? Bəzi olanları da açdı-qoydu ortalığa getdi.  Dediklərinin bir hissəsi rəsmən Bakıdakı cavab oyununda təsdiqləndi. Fuad Bayramovla Vaqif Cavadov start “11-lik” görməyərək Maksimovu haqlı çıxartdı.

Adını dəyişən “qırmızı-ağlar”ın transfer siyasəti də göz oxşayan deyil. Ebrima Sohna, Andre Klennon kimi lazımsız futbolçuları hansı məntiqlə komandaya götürmək olar? Yəqin ki, bu Maksimovun transfer siyasəti deyildi. Klub rəhbərliyinin işlədiyi menecerlərin “əməyi” idi.

Vaxtı bitmiş Denis Silvanın yerinə dünyada mərkəz müdafiəçisi tapılmırsa, “Keşlə” bir də avrokuboklarda çıxış etməsin.

Futbolumuzun məşhur dövrü var idi “peraşki dövrü”. Komandalarımız həmin vaxt da qarşılarına çıxan istənilən kluba uduzurdular. Deyəsən qayıdırıq...

Elsevər Məmmədov