Faciəyə gülən camaat

facieye-gulen-camaat
Oxunma sayı: 4547

Sahilə İbrahimova

Bir neçə gün öncə onlayn televiziyaların birində gülüş üstündə dava düşdü. Aparıcı dəbdə olan yumoristik qısa videolar çəkən cavan oğlana “sən axı nə çəkirsən? nəyə lazımsan?” tipində sual verdi, qonaq incidi, ortam gərginləşdi. Aparıcının məsələyə impulsiv yanaşması zəminində oğlan və digər qonaqlar, eləcə də tamaşaçılar sualın məğzini lazımınca qavraya bilmədilər. 

Sual isə olduqca ciddi idi. Məni ən çox yandıran sualın məhz hörmətsiz şəkildə təqdimatı oldu. Halbuki, bu suala cavab tapmaqla bəlkə də cəmiyyət olaraq bir yığın çətinliyimizə son verə bilərik. “Nəyə gülürük? Niyə gülürük” sualı doğru müzakirə ortamında açılsaydı, ciddi yerlərə gedib çıxmaq olardı. Aparıcının işlətdiyi ehtiyatsız sözlər oğlanı qıcıqlandırdı, verilişə gələn xalq artistləri isə məsələni sahmana sala bilmədilər, əksinə dərədən-təpədən danışmaqla hər şeyi daha da səliqəsiz duruma gətirdilər. 

Əksər xalq artistimizin çıxışları, müsahibələri çox zaman məni məyus edib. İllərlə Şekspirin, Hüseyn Cavidin yaşadıqları dövrə meydan oxuyan mətnlərini, onlarla, yüzlərlə üsyankar müəllifin əsərlərini oxuyub dialoqlar əzbərləyib, rollara hazırlaşsalar da, bir-ikisini çıxmaq şərtilə aralarında özünü normal ifadə edən, fikirləri ilə müdriklik göstərən aktyor tapmaq çətin məsələdir onsuz da. Müsahibələrdən çox düşünməyə qorxan, rahatlığını pozub yenilik etməyə cəhd göstərməyən, həyata və incəsənətə gözünü qıyaraq, qırparaq baxan adamlar boylanır. Verilişdə də müdrik yanaşma, istər aparıcını, istərsə də vayn çəkən oğlanı razı sala biləcək fikir səslənmədi. Çox vaxt artisti elə xalqın özünə bənzəyir. Danışmaq istədiyim məsələ isə tam olaraq bu deyil. Açmaq istədiyim əsas mövzu günümüzün ən vacib məsələsi olan gülüşlə bağlıdır. “Biz nəyə gülürük və bu gülüş bizə lazımdırmı?”.

Son vaxtlar yeni filmlərə kinoteatrlarda baxmağı sevirəm. Əvvəllər fikrim dağılırdı, nəhəng ekranda film izləmək zövqümü oxşamırdı. Ümumiyyətlə, filmə tək baxmağı sevirdim, başqa cür bacarmırdım. İndi zaldakı səslər - marçıltı, cırıltı, pıçıltı fikrimi dağıtmır. Bircə hərdən film seyrimi bərbadlaşdıran, əsəblərimi tarıma çəkən səs gülüş səsi olur. Ciddi bir filmin ortasında, yumordan uzaq bir səhnədə arxa sıralardan kiminsə gülüş səsi gəlir. Adam yanındakı ilə söhbət etdiyi üçün pıqqıldamır, onun yadına keçmişdən satirik epizod da düşməyib, o, məhz kinodakı səhnəyə gülür. Gülməli olmayan səhnəyə. 

Ekranda izlənən olduqca ciddi məsələnin, bəşəri faciənin, yaxud romantik, emosional dialoqun  ortasında gülə bilən adamların psixikasını anlamağa çalışıram. Bu insanlar necə belə rahat ola bilirlər, necə bu qədər zövqsüz şəkildə gülürlər? Məsələni şişirtdiyimi düşünə bilərsiz. Amma inanın, o an o gülüş  içində yer aldığım cəmiyyətin bütün əyər-əskiyini gözümə soxur. Biz cəmiyyət olaraq isterik gülüş içindəyik. Bu, sağlam gülüş deyil, o, xoş əhvalın, səadətin göstəricisinə bənzəmir. Bu, dəlilik, arsızlıq gülüşüdür. Ölkədə baş verən hər çətinliyə, az qala hər faciəyə gülüşlə reaksiya veririk. Anormal hadisə baş verən kimi hamı sosial şəbəkələrdə gülməli fikir yazmağa qaçır. Anormal hadisə dediyimiz isə hansısa məmurun rüşvət alması, müəllimin, həkimin alçaldıcı maaşıdır, məsələn. 

Dostoyevski yazmağa satirik əsərlərlə başladı. Tanınmış tənqidçi Belinski gənc yazıçının ilk yazılarını oxuyub, yanına dəvət elədi, xeyli təriflədi. Az sonra isə Dostoyevski yazı üslubunu dəyişdi. O daha güldürməyə yox, ağlatmağa çalışırdı. Daha onun qəhrəmanları yüngülxasiyyət kəndlilər yox, xəstə, kasıb, uğursuz olsalar da, dünyavi suallarla əlləşən adamlar idilər. Bu dəyişiklikdən sonra daha Belinski Dostoyevskini bəyənmirdi, çünki tənqidçi cəmiyyəti satira ilə sağaltmaq lazım olduğunu düşünürdü. Dostoyevski isə doğru yolda olduğundan əmin idi, ifrat satiranı lazımsız sayır, insanın yalnız başqasının ağrısını qismən duyaraq mərhəmətli olacağını düşünürdü. Dostoyevski qalib gəldi, məhz onun kimi faciəvi qəhrəmanlar yarada bilən yazıçılar sayəsində Rus romanı dünyada nəsr etalonu kimi tanındı, Rus insanı milyonlarların sevgisini və mərhəmətini oyatdı.

Bu gün Azərbaycanda gülüş bir çox başqa sahələr kimi yaxşı vəziyyətdə deyil. Lakin bəlkə də digər sahələrin pis vəziyyəti lazımsız, uğursuz gülüşümüz ucbatındandı. Söhbət ədəbi-bədii, incəsənətə dəxli olan gülüşdən gedir. Bu gülüşləri fərqləndirmək lazımdı. Mən kefimin yaxşı vaxtında dostumla başqasına bayağı görünəcək şeylərə baxıb xeyli gülə bilərəm. Əlbəttə, bu gülüşlə də məsuliyyətlə davranmaq lazımdı. İncəsənətə, aktyora, teatra və sənətə aidiyyatı olan gülüş isə daha peşəkar, daha çox redaktə edilmiş formada təqdim olunmalıdır. Bir də ki, Azərbaycan xalqının isterik gülüş xəstəliyindən qurtulması üçün drama, faciəyə ehtiyacı var. 

Zaman göstərdi ki, "Bakılı oğlanlar" tipli məmurların tənqid olunduğu, məsxərəyə qoyulduğu tamaşalar cəmiyyəti sağaltmaq, onu daha işıqlı yerə aparmaq istiqamətində vəd etdiyi, ümid verdiyi qədər faydalı olmadı. Bu tamaşalara rüşvətxor məmurlar özləri də gəldilər, gülüb getdilər. Biri səni məsxərəyə qoyursa, onu zərərsizləşdirmək üçün özün də qayıdıb gülsən, vəziyyətdən qalib çıxarsan. Tənqid olunan məmurlar da eynən belə elədilər. Onlara gülənlərə qarışıb güldülər, sonra gedib işlərinə davam elədilər. 

Gülüş yaradan, satira ilə islahatlara ümid edən gənc komandalar arasında bəyəndiklərim də var. Əlixan Rəcəbovun hər yeni işini maraqla izləyirəm, məsələn. Amma ümumiyyətlə xalqımızı gülüşlə ehtiyatlı olmağa dəvət edirəm. Biz xalq, olaraq, toplum olaraq bir çox yöndən özümüzü düzəltməliyik. İllərlə davam edən satirik yanaşmalarımız əyrilərimizi düzləşdirməkdə acizdirsə, bəlkə bir az ciddi olaq?