Fahişəliyin təbliğimi gedir?

fahiseliyin-tebligimi-gedir
Oxunma sayı: 2235

Raminə Eyvazqızı

Bu yay bircə dəfə getdiyimiz məşhur dənizkənarı istirahət mərkəzindəki mənzərə bu sualı ortaya qoydu. Hovuz kənarında bir-birini ətrafdan çəkinmədən əzizləyən qızlar, oğlanlar, yekə qadın və kişilər. Bu hələ günortası idi, görün gecələr nə baş verir. 

Nə xəbərdir? Qızlar daha canfəşandırlar. Deyəsən onlar, Aztv-nin həvəslə yayınladığı "Jara" "beynəlxalq"( ancaq ruslardan ibarət) festivalında Dima Bilanın üstünə dırmaşan Nigar Camaldan dərs götürmüşdülər? Adam belə yerdə uşaqlarının gözünü yayındırmağa mövzu da tapmır.  Ölkədə "ailəli" istirahət mərkəzində də özü ilə bacarmayan insanlarla rastlaşmaq olur. Çoxu "sevgi" məcarası olanlardır. İndi ailəli kişi başqa ailəli qadınla münasibətə girir, xalaqızı xalaqızının ərini əlindən alır. Nə əyyamdır ki, qadın fahişəliyi kişi fahişəliyinə qarışıb. Fahişə kəlməsi "bədənini satan" mənasından çıxıb, əxlaqı yerlərdə sürünən həyasızlara aid olunub. Özünüzə gəlin! Tərbiyə, qanacaq, əxlaqın da qanunu olurmu? Olmur!

İndi qız sortları formalaşıb-ailədağıdan qızlar. Başqasının ailəsinə soxulmaq, dağıtmaq, bu güya özünü təsdiq etmək, hansısa kişini ram etmək, həmcinsinə qalib gəlməkdir. Xəstə və bu başdan bədbəxtdirlər!

Ötən gün yaxın bildiyim qadın uzun çək-çövürdən sönra boşanmaq üçün ərizəsini verdi. "Hamı onu balalarına qurban olsun", "3 uşaqla neyləyəcəksən", "boşananlar daşı daş üstünə qoydu ki" təsəllisini verirdi. Qadının kişidən maddi asıllığı dözmək üçün böyük səbəb idi! Amma olmadı, özü dediyi kimi bıçaq sümüyə dirənib, başqa yol yoxdur. Ərinin xəyanətinə dözə bilmir artıq. Onun 36 yaşlı ərinin 22 yaşlı qızla münasibəti iki tərəf üçün də əxlaqsızlıq nümunəsidir! Təəssüf ki, bu səbəbdən bir ailə də boşanmışlar ordusuna üzvlüyə hazırlaşır.  

Bir hüquqşünas dedi ki, ötən il 17 (rəsmi və qeyri-rəsmi nigahlı) minə yaxın boşanma qeydə alınıb. 2016-cı ildə rəsmi məlumata görə, 13 minə yaxın, 2017-ci ilin 6 ayının rəsmi statistikasına görə 7 min boşanma(bu ancaq rəsmi nigahı olandır) olub. Boşanma səbəbləri içində xəyanət böyük faiz tutur. Onun da səbəbi sosial şəbəkəyə gedib çıxır. Uşağına istədiyini almayan ata və ananın nə də olmasa, qəşəng telefonları var. Oyuncaq kimi oynadırlar. İndi "katibə" statusu ilə məşuqə missiyası dəbdən düşüb.  Arsızcasına məşuqəsi ilə başqalarını tanış edən "kişi"lər də var. "Kişi" var, bu kələyini ailəcanlı vəzifəsi ilə elə səliqəli yürüdür ki, tüstüsü də çıxmır. "Kişi" də var, buza dönüb üzü xəyanətə doğru yol alır. 

Özü ilə bacarmayan kişilərlə yanaşı qadınlar da var. Gözü və ayağısürüşkən gəlinlərin gənc oğlanlarla münasibəti ürək bulandırır, bu da başqa bəladır. Gənc qızlar var ki, ailəli kişilərlə münasibətə girməyə həvəslidirlər. Əvvəllər qızlar hamilə xanımları paxıl baxışlarla bu qədər süzməzdilər, yanında arvadı olan kişilərə bu qədər gülümsəməzdilər. Qızlar niyə azıblar, niyə özləri ilə bacarmırlar?

Müşahidəm. Qadın salonundakı gənc qızın telefonuna tez-tez mesaj gəlirdi. Bərbər qadın "nişanlındı"soruşanda, qız yerinden elə atlanıb qadını aldı ki. "Əşşi sən Allah nə nişanlısı, ağlı olan ərə getməz. Tapırsan bir kişi saxlayır səni, yaşayırsan özünüçün". Zamanın spesifik qız tiplərindən idi. Gözlərini gündəlik boşanma xəbərləri qorxudub, kişi xəyanətinə tab gətirməyəcəyini dəqiq bilir, ya da əxlaq anlayışı şikəstdir. Amma qızın sonrakı şərhi mövzuya aydınlıq gətirdi. Evli kişinin onu artıq bundan sonra heç kəslə aldatmayacağına əmin idi, ya da bədbəxt özü-özünü aldadırdı. Heç olmazsa, qızlarınıza yiyə çıxın! Yoxsa, bunu da dövlətdən gözləyəcəksiz. Əlimizdə azdan-çoxdan əxlaq normalarımız qalıb. Onu da zibilləməyin!