Fahişənin qeyrəti

fahisenin-qeyreti
Oxunma sayı: 6567




Hardasa  beş-altı il əvvəlin söhbətini edirəm. Gecə saat 12-1 arası olardı, qonaqlıqdan evə qayıdırdıq. Elə evə çathaçatda YPX maşınımızın nömrəsini səsləndirib saxlatdı. Atam maşını yoldan kənara çəkərkən əlində siqaret, əynində sarı şortik və mavi parlaq “kurtka”, başında da bir beysbolka olan gənc qadın dayanmışdı. Təxminən oktyabr və ya noyabr ayı olardı. Düzü mən o yaşlarımı artıq yuxarı sinifdə oxumağıma baxmayaraq uşaqlığım kimi xatırlayıram. 

Çünki onda hələ nə Azadlıq Meydanına gecə 12-dən sonra tökülüşən geylərin, nə də Papanin, Kubinkada əli burnunda nəfəs alan narkomanların olduğu reallığı dərk etmir, bunların ancaq seriallarda ba. verdiyini düşünürdüm. Elə bilirdim Azərbaycanda yalnız ev və insan oğruları var. Çünki qulağımız yalnız  “uzağa getmə”, “gündə birini oğurlayırlar, pul tələb edirlər, evdən çıxanda evdə oğurlana biləcək heç nəyimiz olmadığı halda evin bir işığını yanılı qoyub “birdən evə girib edərlər, işıq yanılı olanda elə bilirlər evdə adam var” sözlərini eşitmişdi. Bu gördüyüm mənzərə, payız ayında qolfi ilə şortik geyinən qadın mənə qəribə gəlmişdi. Atam maşını saxlayanda “Bunun vidinə! Oturun, gəlirəm”-deyinə-deyinə sənədlərini əlinə top edib aşağı endi. Anama tərəf doğrulub, çəkinə-çəkinə “Bu qız burda niyə durub ki?”-deyə sual etdim. O da “Daş düşsün başına, pozğundu daa! Görən bunların atası, qardaşı yoxdu?”-deyə cavab verdi.
 
Atam çox zəhimli və əsəbi adamdır, amma anamla söhbət etmək alınır.

“Niyə elə deyirsən? Onsuzda başına daş düşüb də. Səncə o bu soyuqda yolun kənarında şortikdə durmağı sevərək edir? Niyə heç kim “Görəsən onu nə vadar edib ki, əxlaqsız olub?” deyə düşünmür? Elə bilirsən o tək yolda durmaqdan qorxmur?” 
Hələ ağlımın kəsdiyi bu qədər idi. Sonda bir də: “Ona yazığım gəlir ee mama..." dedim. Anam susdu. Gerçəkdən bayaqki qınaq dolu baxışları yox olmuşdu. 

Saytın daimi oxucuları hiss etmişdirlər ki, bir xeyli zamandır yazmıram. Bilmirəm bu istedadsızlığın göstəricisidir, yoxsa əksinə. Qərəz mən o “hər əlimə qələm alanda bir hekayə, esse yazaram” deyən və bu potensialı olan qələm adamı deyib başımdan yekə danışmaq istəmədiyimçün cızma-qara adamı deyiləm deyim. Yazmaq üçün təsirlənməliyəm, hansısa hadisədən, hansısa insandan, hansısa yoxluqdan və s. Yaradıcı adam yaza bilməyəndə ya xoşbəxtlikdən, ya da bədbəxtliyin dibində olmaqdan yaza bilmir. Mən də vəziyyətin bu aralar necə olduğundan yox, bir fahişənin qeyrətindən təsirləndiyimdən yazacam. Bu bəlkə də bir təşəkkür yazısıdır, tanımadığım və heç vaxt bu yazını oxumayacaq bir fahişəyə təşəkkür! 

Çətin ki, fahişələrin internet saytlarında köşə oxuyacaq qədər lüksləri ola.
Bir neçə gün əvvəl yeznəmiz səhər saat beşdə evdən işə gedəndə avtomobil qəzası keçirmişdi. Maşını görənlər bir ağızdan “Ordan sağ adam çıxarmı?” deyirdi. Allah saxlayanda saxlayır, amma səhərin beşində, şəhərdən kənar ərazilərdə yolda təkəm-seyrək avtomobil olduğunu düşünün. Olan maşın sahibləri də yerdə qan aparan adama yaxın durmayıb, ən yaxşı halda təcili tibbi yardım maşını çağıra bilərdilər ki, onu da edən olmayıb. Qəza etdiyi digər maşın sahibi də şokda olduğundan yerdə vurnuxan çarəsiz adama ətrafdakılar tamaşa edərkən bir taksi saxlayar, içindən bir xanım düşər və yaralının qolunun altına girib, çiynənə alıb, taksiyə otuzdurar. 

Yeznəmiz deyir: “Yaralarım isti olduğu üçün ağrı hiss etmədiyimdən özümü sürüyə bilirdim. Huşum üstümdə idi. Bir qız düşdü taksidən, məni belə görüb ay Allah deyib ağladı, təcili tibbi yardıma zəng elədi, ağlaya-ağlaya ərazini bildirib tez gəlmələrini söylədi. Beş-on dəqiqə gözlədi, elə hey ağlayırdı, ayağımın qanaxmasının artdığını görüb bir də zəng edib çığırdı: “Gəlmirsiniz?! Adam ölür, ölsün sonra gələcəksiniz?!”-dedi. Taksi sürücüsü baxırdı. Qadın qolumun altına girdi, məni taksiyə oturtdu, sürücüyə: “Sür! Qorxursansa xəstəxanaya yaxınlaşanda bizi düşürt get, ordan özüm aparacam içəri”-dedi. Sürücü də “yox əşi, nədən qorxacam?” deyib qoluma girdilər. Maşında elə hey ağlayırdı. Mən də sağ ol, çox sağ ol dedikcə “Sən də mənim qardaşım, bircə tez çatsaq”-deyə-deyə gözünün yaşı qurumurdu. Xəstəxanadan içəri girəndə polislər, həkimlərin onlara aid ərazidə qəza olduğu  xəbərdarlığına görə artıq ordaydılar. Bu xanımın ağladığını görüb, “Nəyindi?” deyə soruşdular. Elə bildilər ki, qohumum, tanıdığım adamdı. 
-Heç nəyim, yolda görüb gətirib.
-Bəs şofer? 
-O da onu kimi.
Özümə gələndə dostlarım, atamgil gəlmişdi. Onu bildim ki, qadın olduğundan ona gedə bilərsən deyib, taksi sürücüsünnən də izahat alıb buraxıblar. Bircə onu xatırlayıram ki, xəstəxanaya gələnə kimi ona dəfələrlə “sağ ol, çox sağ ol”-dedim. Bəlkə də onunla danışdığıma görə huşumu itirmədim”
 
İndi evdə hamı ona: “Allah köməyi olsun, Allah dadına yetsin, gərək nömrəsini götürəydin sağolumuzu deyəydik.”  deyir. Başına yığışanlar arasında tipik azərbaycanlı kişisinə xas ucuz zarafat edənlər də oldu. “Nömrəsini götürməmiş olmazsan. Bəlkə elə əvvəldən tanış imişsiniz?” və s. tipli zarafatlar.
“O qədər huşum kəsmirdi, elə bircə sağ ol dediyimi bildim” 

Yeznəmiz çox mədəni-mərifətli insandır, azı bacımı çox istədiyim qədər çox istəyirəm onu. Və sonda hamının içində dediyi bir cümləylə o fahişənin haqqını verdi. 
“Sonra da deyirlər ki, fahişə belədi-helədi...”
Hamı susdu.

Bəli o fahişə idi. Bilirsiniz hardan əminəm ki, o fahişə imiş?! Çünki səhər saat 5-də taksidə fahişə olar bizim qeyrət diyarında. Çünki səhər saat 5 olduğunu unudun, qeyri vaxt da yerdə qan içində, ölmə ehtimalı olan bir kişini yalnız fahişə, yalnız itirəcək heç nəyi olmayan qadın, yalnız ərinə, qardaşına, atasına hesabat ödəmək qorxusu olmayan qadın, başqa kişinin qolunu boynuna dolayıb onu yerdən qaldıracaq qadın,  “ölsə polislərdə qalaram, arvad xeylağıyam” deyə düşünməyən kişi QEYRƏTLİ qadın , yalnız FAHİŞƏ ola bilərdi ! 

O fahişənin yanına gedəcək, verəcək pulu olmasa da yolda söz atan, nəinki fahişənin,  elə normal bir qadının arxasınca “vedrə bağlayan”, ana-bacı, qızını evdən bayıra qoymayan, qadına əl qaldıran, ağzına gələn söyüşü edən “kişilər” özlərini qeyrətli bilir. Din, namus, islam deyən, orucluq gələndə oruc tutub, zina, günah yuyan “kişilər” özlərini qeyrətli bilir. Qeyrət deyib qadın başı kəsəcək daş ürəyə sahib olan “kişilər” özlərini qeyrətli bilir. Çünki cəmiyyət, siz, biz onlara “Qeyrətlidir” deyirik! 

Bizim o qədər ruhumuz kor, kasaddır  ki, 24 saatda 10-15 kişi ilə sadəcə ət parçası kimi sevişən qadınlara keyfindən edirmiş kimi baxırıq! Hansı qadın tüfeyli həyatı kefindən seçər deyə düşünmədən onları aşağılayırıq! Fahişə bir gündə də olmaq olar, bir neçə illik etapla da. Amma əmin olun ki, mütləq bir travması vardır. Əmin olun ki, o insanın cəmiyyət (ailə, ətraf və ya doğulandan ailəsiz olmaq və s.) dediyimiz ustası ya taxtasın çox yonub, ya mismarını az vurub. 
 
Mənimçün onsuzda sizlərin fahişə adlandırdığınız qadınlar işlərinin şərti, ağır adını daşıyan qadındırlar. Anamız, bacımız, qızımız kimi qadındırlar! 

Həmin o qadın avtomobil qəzasında yaralının çiyni altına girən qadın artıq heç kimin, heç Allahının yanında da fahişə deyil. Çünki, əgər siz hər cür insan haqqına girib, yetimin boğazından, yaşlının təqaüdündən kəsib, oruc tutur, günün bir hissəsi ac qalıb axşamı olmazın naz-neməti haram qazancınızla süfrəyə yığıb günahlarınızı yuduğunuzu düşünürsünüzsə, bu orucluqda səbəbkar, vasitəçi olub iki övladı yetim, bir gənc qadını dul, bir ata-ananı bağrıqan, bir gəncin ölməsinə imkan verməyən qadın bütün günahlarını yumuşdur artıq, o fahişə deyil, səndən, məndən pakdır! 

Güzgününün önündə dayanın və özünüzə bir sual verin o bədənini satan qadınlar, yoxsa hər gün rüşvətxorluq, riyakarlıq, mərdimazarlıq edərək ruhunu satan mənmi daha çox fahişəyəm?!

Əxlaq sərhədlənirsə, o sizin əxlaqınız deyil, nə qədər az azadsınızsa o qədər çox əxlaqlısınız. Əxlaq özünüz özünüzü azad şəkildə, heç bir asılacağınız, qorxunuz olmadığı halda sizə aiddir. Hələ bilinmir ki, bir gün kimsəsiz, köməksiz və azad olaraq dünyada sap kimi ortada tək qalsanız, siz kim olacaqsınız...