Fazil Mustafa Oqtay Əsədovun təklifini dəstəklədi

fazil-mustafa-oqtay-esedovun-teklifini-destekledi
Oxunma sayı: 1177


“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa facebook-da yazıb. O, bildirib ki, din adına danışan bir sıra şəxslərin dərhal Qurani-Kərimin ərəbcə oxunmasının vacibliyini vurğulaması, arqument olaraq da Quran avazının ecazkarlığının insana faydasından bəhs etməsi əsassızdır. “Bəziləri bunu azan və namazın türkcə olması kimi təhlükəyə diqqəti yönəldirlər. Əlbəttə, azan və namazın dilinin ümumiliyinin qorunması vacibdir və bütün müsəlman dünyasının həmrəyliyi üçün bir dildə icra olunması faydalıdır. Türkiyə tarixindəki uğursuz sınaq gözlənildiyi kimi uzun sürmədi. Quranı da ərəbcə sərbəst oxuyan və düşünən hər kəsin orjinaldan oxuması faydalıdır. Ecazkarlıqla bağlı görüşləri də hər kəs qəbul edir. Bəs ərəbcə bilməyən milyonlarla insan onun ecazkar avazına, yoxsa anladıqları mənasına üstünlük verməlidirlər? Əsas hədəf insanın bu İlahi kitabın mənasını anlamasıdırsa, onun anladığı dildə məclisdə ayələrin səsləndirilməsinin, yaddaşlara həkk olunmasının nəyi pisdir və yaxud nəyi dinə ziddir? 

Az qala əksər surədə "bunları anlayasınız, düşünəsiniz deyə Allah sizlərə buyurur" deyə bir çağırış yer alır. Yaxın çevrəmdə doğmalarımdan bəziləri söhbət əsnasında söyləyir ki, bu gün Quranı ərəbcə oxuyub başa vurdum. Soruşanda ki, mənasını anladınmı, deyir ki, əlifbanı bilirəm, ərəbcəni bilmirəm. Əksər ahıl dindar insanlarımızın əsas məşğuliyyətlərindən biri də təhrif edərək də olsa, ərəb əlifbası ilə Quranı oxumaqdır. Hamısının da söylədiyi söz budur ki, deyilənə görə, ərəbcə oxumaq səvabdır. "Mənasını bilmədiyiniz, anlamadığınız bir şeyi düşünmədən oxumaq necə səvab ola bilər? Götürün Quranın onlarca dilimizə tərcüməsi var, bildiyiniz dildə oxuyaraq düşünün ki, burada bir insan olaraq səndən tələb olunan əməllər hansılardır?" deyə tövsiyəmi bildirirəm. Məclislərdə də insanlar avaz dinləməyə gəlmirlər, onların anladığı dildə ayələrin mənasını çatdırmaq lazımdır ki, oturduqları 10-15 dəqiqə içində heç olmazsa bu İlahi kəlamdan fayda götürə bilsinlər”.