Federasiya iddiaları təkzib etdi

federasiya-iddialari-tekzib-etdi
Oxunma sayı: 1861

“Kişilərdən ibarət Milli komandanın baş məşqçisinin keçmiş köməkçisi Fərhad Məmmədovla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından “Qafqazinfo”ya daxil olan bəyanatda qeyd edilib.

Federasiyadan bildirilib ki, F.Məmmədovun yerinə təyin olunan yeni köməkçi məşqçi əcnəbi mütəxəssis deyil, cüdo üzrə yeganə dünya çempionumuz Elxan Məmmədovdur:

“Baş məşqçi Ruslan Maşurenkonun digər köməkçiləri də yerli mütəxəssislərdir: ilk Olimpiya çempionumuz Nazim Hüseynov, Mehman Əzizov və Azər Şıxəliyev.

Fərhad Məmmədova gəlincə, 2015-ci ilin sentyabrında Azərbaycan Cüdo Federasiyasına yeni rəhbərlik seçiləndə, o, gənclərdən ibarət milli komandanın məşqçisi idi. Millimizin aparıcı cüdoçularının təklifi ilə avstriyalı mütəxəssis Peter Zayzenbaher kişilərdən ibarət yığmaya baş məşqçi gətiriləndə, məhz indiki rəhbərliyin təşəbbüsü ilə F.Məmmədov onun köməkçisi təyin edildi. Avstriyalı məşqçi ilə də bəzi məqamlarda fikir ayrılığına gələn F.Məmmədov bir-neçə dəfə Zayzenbaher tərəfindən məşqlərdən kənarlaşdırılıb və yığma komandadan göndərilməsi məsələsi gündəmə gətirilib”.

Bəyanatda vurğulanıb ki, həmin vaxtda məhz federasiya rəhbərliyinin təkidi ilə F.Məmmədov yenidən işinə qaytarılıb və bu barədə heç bir yerə məlumat verilməyib:

“Məlum səbəblərə görə Zayzenbaherin gedişindən sonra yeni baş məşqçi təyin olunanadək bu post F.Məmmədova həvalə edildi. Ötən dövrün hazırlıq bünövrəsi 2017-ci ildə Avropa və dünya çempionatlarında effekt verib tükəndikdən sonra F.Məmmədov özü əcnəbi baş məşqçinin gətirilməsinin zəruriliyini rəhbərliyə bildirdi. Ukraynalı mütəxəssis Milli komandaya baş məşqçi təyin edildikdən sonra F.Məmmədov və digər yerli məşqçilər köməkçi-məşqçi kimi işlərini davam etdirdilər.

Federasiyanın yerli mütəxəssislərə önəm verdiyinin qeyd edildiyi bəyanatda diqqətə çatdırılıb ki, hazırda federasiyada 45-i regionlarda olmaqla, ümumilikdə 110 məşqçi fəaliyyət göstərir. Həmçinin, yeniyetmələr, gənclər və qadınlardan ibarət Milli komandaların bütün məşqçi heyəti yerli mütəxəssislərdir.

F.Məmmədovun mətbuata açıqlaması bütün komandada, xüsusən də onun şəxsi tələbələrində neqativ abu-hava yaradır.

Mövlud Mirəliyevin istefası ilə bağlı xəbərə gəldikdə bir faktı qeyd edək ki, o, 2017-ci ilin noyabrında öz xahişi ilə millidəki vəzifəsini tərk edib. M.Mirəliyev Göygöl Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışır və Federasiyanın da qərb zonası üzrə rəsmi nümayəndəsidir”.

Qeyd edək ki, F.Məmmədov açıqlamasında əcnəbi məşqçiyə görə yerli məşqçilərin “qurban” verildiyini deyib. Səbəb olaraq isə ukraynalı baş məşqçi Ruslan Maşurenkonun tez-tez qərar dəyişdirməsini göstərib.

“3 həfdədir ki, istefa vermişəm. Gətirilən baş məşqçi işləməyimizə imkan vermədi. Tez-tez fikir ayrılığına gəlirdik. Rəhbərlik onu dəstəklədiyinə görə istefa verdim”.