Federasiyadan idmançıya “qız aparma” ittihamı

federasiyadan-idmanciya-qiz-aparma-ittihami
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, bir neçə gün əvvəl saytımızda idmançı Vüsal Mərdanovun açıqlaması yayılımış və o, federasiya prezidenti Ələddin Əliyevin ünvanına sərt açıqlamalar bildirmişdi. İdmançı Ə. Əliyevi pulla yarışa aparmaqda ittiham etmişdi.

Bu gün isə qeyd etdiyimiz kimi artıq federasiyanın ittihama rəsmi cavabı açıqlanıb. Cavabda qeyd olunub ki, “Bizim Federasiyanın illik büdcəsi məhdud olduğundan bütün idmançıları yarışlara apara bilmirik. Lakin buna baxmayaraq Vüsal Mərdanov bir neçə dəfə bizim hesabımıza yarışlara qatılıb. Hətta bu barədə Gənclər və İdman Nazirliyindən də müvafiq məlumatı əldə etmək olar. Vüsal Mərdanov təmsil etdiyi bütün yarışlarda özünü idmançıya yaraşmayan şəkildə aparıb. Rusiyanın Rostov şəhərində keçirilən Avropa Çempionatı zamanı idmançı 2-ci yeri tutmasını əsas gətirərək fəxri kürsüyə çıxmaqdan imtina edib” .
Daha sonra məktubda, hətta Mərdanovun bəzi yarışlara öz qız dostunu aparmaq istədiyi də vurğulanıb: “2012-ci ilin 6-12 noyabr tarixlərində Las-Veqasda keçirilən Dünya Çempionatında Vüsal Mərdanov özü ilə yarışa qız dostunu və onun rəfiqəsini də aparmaq niyyətində olub. Təbii ki, belə bir halın mümkünsüz olduğunu, bunun turistik gəzinti deyil, idman yarışı olduğunu ona bildirmişik” .

Mətnin sonunda Azərbaycan Pauerliftinq Federasiyası Vüsal Mərdanova ismarıc da göndərib: “İdmançıya yaraşmayan hərəkətlərə yol verən və bəsit etik qaydalara riayət etməyi bacarmayan Vüsal Mərdanova üzümüzü tutub bildiririk ki, Pauerliftinq Federasiyasının rəhbərliyinin ünvanına əsassız dedi-qodular və sübutu olmayan şaiyələr yaymaqdansa məşğul olduğu idman növündə Azərbaycan Respublikasının dövlət atributu olan üçrəngli bayrağımızı ən ucalarda dalğalandırmaq üçün əlindən gələni əsirgəməsin”.

Vüsal Mərdanovun federasiyaya qarşı ittihamlarını aşağıdakı linkdən oxuya bilərsiniz

“Prezident hər yarışa gedəndə məndən pul istəyirdi” -İttiham