“Fələstin məsələsinin ədalətli həllinə dəstək olmağa hazırıq” - Məmmədyarov

felestin-meselesinin-edaletli-helline-destek-olmaga-haziriq
Oxunma sayı: 889

"Fələstin məsələsinin ədalətli və hərtərəfli həlli üçün dəstəyimizi bildiririk. Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli Şərqi Yerusəlimin Fələstin Dövlətinin paytaxtı olmaqla “iki dövlət prinsipi”nə əsaslanmalıdır". 

"Qafqazinfo" xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov mayın 18-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən fövqəladə Sammitindəki çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, 60-dan çox fələstinlinin öldürülməsi və 2000 insanın yaralanması qəbuledilməzdir:

 “Biz, üzv dövlətlər və İƏT olaraq bu qan tökülməsini dayandırmaq və qınamaq üçün daha çox səylər ortaya qoymalıyıq. Azərbaycan həmişə olduğu kimi, bu məsələnin ədalətli həllinə töhfə verməyə hazırdır".  

 XİN rəhbəri bildirib ki, ABŞ Prezidentinin Yerusəlim şəhərinin İsrailin paytaxtı kimi tanıması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 478 saylı (1980) qətnaməsinə zidd bir addımdır.

Elmar Məmmədyarov qeyd edib ki, 2013-cü ildə Azərbaycan Fələstinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis Konfransına və Yerusəlim şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi edib:

“Həmin konfrans Əl-Əqsa məscidinin bağlanmasını və orada dindarlara qarşı məhdudiyyətləri qınayan kommünikenin qəbulu ilə nəticələnmişdi. Bildiyiniz kimi, keçən ay Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransına ev sahibliyi edib. Bu tədbir çərçivəsində Qoşulmama Hərəkatının Fələstin məsələsi üzrə Nazirlər Komitəsinin toplantısı təşkil olundu. Yekun Bakı Bəyanatında zorakılığa tamamilə son qoyulması üçün ciddi kollektiv səylərin göstərilməsinə çağırışlar edildi. Həmçinin Fələstin qurumlarının xahişi əsasında Azərbaycan 2018-ci ilin sonunda Fələstinin Asiya ölkələrində akkreditə olunan səfirlərinin illik toplantısını təşkilinə köməklik göstərməyi planlaşdırır”.

 E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana tam dəstəklərinə görə İƏT-ə və onun üzv dövlətlərinə minnətdarlığını bildirib.