Fələstinin Kərkük, Mosul, Krım, Qarabağdan fərqi... - Türkiyənin Qüds həssaslığı

felestinin-kerkuk-mosul-krim-qarabagdan-ferqi
Oxunma sayı: 2904

“Fələstin məsələsinə Türkiyədə müşahidə etdiyimiz xüsusi həssaslıq bizdə bir çox insanda qıcıq doğurur”.

“Qafqazinfo” xəbər verir ki, bunu politoloq Şahin Cəfərli Fələstin və İsrail arasında müşahidə olunan gərginliyi şərh edərkən bildirib.

O deyib ki, bu münasibəti təkcə Türkiyənin indiki prezidentinin və iqtidar partiyasının siyasi-ideoloji xətti, dünyagörüşü, bölgə siyasəti ilə izah etmək yanlışdır:

“Türkiyədə bütün dövrlərdə Fələstin məsələsinə həssas münasibət mövcud olub. Hətta bir çoxlarınıza qəribə gələ bilər, 1980-ci ildə hərbi çevriliş yolu ilə iqtidarı ələ keçirmiş xunta rejimi də bu baxımdan istisna deyil. Həmin il Knesset Qüdsün İsrailin paytaxtı elan olunmasını nəzərdə tutan qanun qəbul etmişdi, Türkiyə isə buna cavab olaraq İsraillə diplomatik əlaqələrini əvvəlcə 2-ci katiblik, daha sonra isə katiblik səviyyəsinə endirmişdi”.

Ş.Cəfərli qeyd edib ki, türk xalqının Fələstin və Qüds həssaslığının dini və tarixi səbəbləri var. Bu, ən əvvəl hamının bildiyi kimi, Qüdsün müsəlmanların da müqəddəs şəhəri olması ilə əlaqədardır:

“İslamın müqəddəslərindən olan “Əl-Aksa” Məscidi orada yerləşir. “Əl-Aksa” müsəlmanların ilk qibləsidir və “Quran”da bəhs olunan peyğəmbərlə bağlı isra-merac möcüzəsində adı çəkilir. Peyğəmbər merac gecəsi Allah tərəfindən Məscidi-Haramdan (Kəbənin də aid olduğu ibadət yeri) “Məscidi-Aksa”ya aparılıb, oradan isə səmaya - ilahi hüzura qaldırılıb. (Səmavi dinlərdəki hekayələrin insanların, toplumların, millətlərin həyatına, dünyadakı nizama yüzillər, minillər boyu necə təsir etdiyini və etməkdə olduğunu görürsünüz.) Sonradan peyğəmbər “Məscidi-Aksa”nı Məscidi-Nəbəvi və Məscidi-Haram ilə birlikdə ziyarət edilməsi zəruri olan 3 məkandan biri kimi qeyd edib.

İndi fələstinlilərin və dünyadakı digər inanclı müsəlmanların, o cümlədən türk xalqının qəzəbinə səbəb odur ki, belə bir müqəddəs məkanın biryolluq itirilməsi təhlükəsi yaranıb. Paytaxtı Qüds (ən azı Şərqi Qüds) olan müstəqil Fələstin xəyalının puç olması fələstinlilər üçün ən ülvi arzunun gözləri önündə məhvi deməkdir və çox əzablıdır. 14 mayda Qəzzada yaşananlar - minlərlə insanın az qala intihara yürüməsi buradan qaynaqlanır”.

Türkiyəlilərin Fələstin həssaslığının digər səbəbinin onların bir neçə əsr həmin torpaqlara hökm etməsi olduğu deyən politoloq sözlərinə əlavə edib ki, indiki İsrail və Fələstin torpaqları 400 il Osmanlının nəzarətində olub, bu səbəblə türk insanı o torpaqların taleyinə, əvvəlki təbəənin ah-naləsinə biganə qala bilmir:

“Türkiyə özünü şüuraltı olaraq həmin ərazilərin və oradakı məzlumların qorunmasına məsul hiss edir.

Başqa bir səbəb Fələstinin imperializmə və sionizmə qarşı mübarizənin ön cəbhəsi olması və bu mənada simvollaşması ilə əlaqəlidir. Türkiyənin qeyri-mühafizəkar kəsimi üçün bu, önəmli məsələdir. Türk solçuları 1968-69-cu illərdə bölgəyə gedərək Suriya və Livandakı kamplarda təlim almışdılar. (Onların məqsədi fələstinlilərin mübarizəsinə dəstək verməklə yanaşı, həm də Türkiyə daxilindəki mübarizə üçün lazımi hazırlığa yiyələnmək idi).

Yəni Fələstin probleminin Türkiyədə milli məsələ olduğunu söyləyə bilərik. Nə Kərkük-Mosul, nə Şərqi Türküstan, nə Krım, nə də Qarabağa, hətta mən deyərdim, Kipr məsələsinə belə, bu səviyyədə münasibət və yanaşma yoxdur, yəqin ki, olmayacaq da...”