Fələyin qırmancı hər birimizə dəyəcək...

feleyin-qirmanci-her-birimize-deyecek
Oxunma sayı: 1385

Kənan Hacı

Qan Turalının “Fələk qırmancı” romanı haqda

Hər bir yazıçı həm də öz ana dilinin imkanlarını sınaqdan keçirəndir, təxəyyülün hərəkətverici qüvvəsi olan fikrin hara qədər ifadə olunması mümkünlüyünü göstərəndir, sözün ayağı dəyməyən yeni ərazilərə, xam "torpaqlar"a qədər gedib çıxa bilən yorulmaz səyyahdır. Mehdi Bəyazidlə hər dəfə rastlaşanda onun gözlərində vəhşi bir ehtirasın sayrışdığını görürdüm, onun içinə sığmayan söz burulğanlarının hansısa bir ideyaya tabe olmamasını və bunun ona dəhşətli dərəcədə əzab verməsini hiss edirdim. Onun haqqında “Xoş gördük, yaz Meh(d)i” yazısında təfərrüatıyla yazmışam, təkrara ehtiyac görmürəm. Həmişə düşünmüşəm ki, Mehdi bu həyatdan yazmalı olduqlarını yazmamaqla intiqam aldı. Özü öz içində boğuldu, içindəki o yırtıcı ehtirası yendi. Sözün xam “torpaqlar”ına hamıdan yaxşı bələd olan bir adamın o əraziləri boş buraxıb bu dünyadan çəkilib getməsi bizim üçün həmişə çözülməz bir sirr, müəmma kimi qaldı.

Mehdinin yaza bilmədiyi, bəlkə də yazmaq istəmədiyi romanın adı “Fələk qırmancı” idi...

Mehdi Bəyazidin yaza bilmədiyi romanı Qan Turalı yazdı. Eyni zamanda deyə bilərik ki, bu əsər Mehdinin yaza bilmədiyi roman deyil. O roman təəssüf ki, yazılmadığı üçün biz heç vaxt deyə bilməyəcəyik ki, Mehdinin o romanında fələyin qırmancı kimlərin kürəyini yandıracaqdı, kimlər fələk qırmancından öz nəsibini alacaqdı.

“Fələk qırmancı”nın təhkiyəsi yüyrək, süjet və kompozisiyas mürəkkəbdir. Bu mətn ilk növbədə ənənəvi roman estetikasını inkar edir, obrazlar mənfi və müsbətə bölünmür, mənfi ilə müsbət arasında arakəsmələr yoxdur. Əsər bütün parametrlərilə XXI əsrin romanıdır. Paralel süjet xəttinə malik romanda biz iki Mehdini görürük – orta əsrlərin Mehdisi və bu günün Mehdisi. Bu iki Mehdini birləşdirən xətlər nədən ibarətdir? Hər iki obraz insanın, bir az böyük səslənsə də, bəşəriyyətin xilas yolları haqda düşünür; orta əsrlərin Mehdisi təsəvvüfə baş vurub ordan Şeyx kimi çıxdı. Amma bu müddət həm də onun tərəddüdlərlə, sonsuz suallarla baş-başa qaldığı dövr idi. “Nə etməli idim? Nə zamana qədər bu təkkədə qalacaqdım? Gələcəyimi necə görürdüm? Ruhum bu çarmıxda nə qədər mismarlı qalmalı idi?” Bu sualllar onu yorub əldən salırdı. Bir dəfə çilədə olanda yuxuda ona qeybdən bir səs gəlir: “Sənin günahların bu təkkəni dağıdacaq”. Hansı günahın sahibi idi Mehdi? “Hər halda, təkkənin yolu Allahın yolu deyildi”. Bir dəfə belə düşünmüşdü. Onun tapındığı dəyərlərlə insan azadlığı arasında ziddiyyətlər yaranmışdı. Allah insanı qul yaratmamışdı axı, azad yaratmışdı. Mehdi təkkədə olanda iki sevən gəncin, aşiqlərin qovuşmasına yardımçı olmuşdu. Bu, təkkə qanunlarına zidd idi, amma o düşünürdü ki, “ürəkdən gələn hər şey bütün qanunlardan üstündür”. Müridlərin zina etməsiylə bağlı süjet romanın ideyasının hərəkətverici qüvvəsidir. Demək, təbiətə zidd olan qadağalar insanların qeyri-təbii yollara əl atmasına səbəb olur. Bu, həm də yaranışın ziddinədir.

Mehdinin Molla Sadıqla söhbəti romanın mərkəzidir, desəm, yanılmaram. Molla Sadığın iki arvadı var, o, zina edən müridləri necə anlaya bilər? Mehdi onun ehkamını bu qədər sadə məntiqlə darmadağın edir. Abbas çiləxanada niyə əzablar çəksin? O, Gülgəzi sevir, sevgi isə Allahdandır. Cismani sevginin İlahi sevgiyə bürünməsi Şərq təsəvvüf şeirində həmişə ziddiyətli məqamlar ortaya çıxarıb. Füzulinin qəzəllərində “mey” və “yar” anlayışlarının həm sufizm nöqteyi-nəzərindən, həm də birbaşa mənada çözülməsi onun Yerlə Göy arasında yaratdığı dahiyanə əlaqənin göstərici deyildimi? Füzuli bunu da demişdi: “Aldanma ki, şair sözü əlbəttə, yalandır”. Orta əsrlərin gerçək Mehdiləri nə qədər olub, onların sayı az idimi, çox idimi? Demək çətindir. Amma Azərbaycan ədəbiyyatında indiyə qədər belə bir obraza rast gəlinməyib. Bu mənada Qan Turalının romanı stereotip düşüncənin ötəsinə çıxmış bir romandır. Və Azərbaycan nəsrində ilkdir.

Əlbəttə, əsər hazırlıqlı oxucu üçündür. Romanın ideyasını, altyapısında nələrin olduğunu anlamaq üçün müəyyən bilgilər tələb olunur. Bir vaxtlar ruhani olmaq istəyən Mirzə Fətəliyə Mirzə Şəfinin dediyi məşhur sözləri yəqin xatırlayırsınız: “Səndəmi şarlatan olmaq istəyirsən?” Əsərdə bu sözləri Abbas Şeyx olmaq istəyən Mehdiyə çiləxanada deyir. Mirzə Fətəlinin həyatını dəyişən bu cümlə “Fələk qırmancı”nın açar cümlələrindən biridir. Bu, həmin Tufarqanlı Abbasdırmı? Həm hə, həm də yox. Müəllifin usta qurğusu və maraqlı pastişlər oxucuya estetik zövq bəxş edir. Bu pastişlər əsərin ideyasına və müəllifin məqsədinə xidmət edir. Bu roman bir daha göstərir ki, ədəbiyyat təkcə dil üzərində qurulmur, eyni zamanda təkcə süjet üzərində qurulmur. Yazıçıdan həm də təxəyyülü və dili mahiyyətə və ideyaya tabe etdirmək bacarığı tələb olunur. Qan Turalı bunu bacarıb. Bu əsər fərqli bir roman modelidir, nəsrimizə yeni paradiqmanın gətirilməsidir. Yəqin ki, ədəbi tənqid bu əsərə layiq olduğu qiyməti verəcək, buna əminəm. “Yeni nəsil ortaya heç nə qoymayıb” deyənlərə ən tutarlı cavabdır bu roman. “Fələk qırmancı” yeni ədəbi nəslin ortaya qoyduğu ən parlaq romanlardan biridir.

Müasir dövrün Mehdisi yazmaqdan imtina edən və öz tənhalığına çəkilən bir yazıçıdır. O, bizə Mehdi Bəyaziddən çox Selinceri xatırladır. Selincerin uzunmüddətli sükutunu eşitmək və anlamaq üçün onun həyat fəlsəfəsindən xəbərdar olmaq lazım gəlir. “Çovdarlıqda uçurumdan qoruyan” onun bəşəriyyəti (təkcə uşaqları yox) xilas etmək cəhdi idi. O da ədəbiyyatın dünyanı xilas edəcəyinə nə vaxtsa inanırmış.

Mehdinin yazmaqdan imtina etməsi və intiharı onun bu acı həqiqəti anlaması və dərk etməsinin nəticəsi idi: Ədəbiyyat qurtuluş yolu deyil və insanı xilas etmək mümkünsüzdür...

Fələyin qırmancı hər birimizə dəyəcək...