““Fənər”ə o məşqçini yaraşdırmıram” - Müsahibə

fenere-o-mesqcini-yarasdirmiram-musahibe
Oxunma sayı: 641

- Mövsümü “Qarabağ” üçün necə dəyərləndirirsiz?
- Axırıncı turda vacib iki xal itirdik. Amma hələ ilin sonuna kimi qarşıda bir oyunumuz var və həmin oyunda qələbə qazansaq, ümumilikdə bu ilki nəticəmizi normal qiymətləndirəcəm. Çünki növbəti oyun bizim üçün çox şey deməkdir həm turnir cədvəlindəki mövqe baxımından, həm də komandanın fasiləyə yüksək əhval-ruhiyyədə getməsi baxımından.

- Klub qış fasiləsində harda məşq edəcək?
- Artıq bir neçə ildir ki, biz qış fasiləsində Antaliyada oluruq və orada məşq edirik. Məşq zamanı ya müxtəlif turnirlərə qatılırıq, ya da ki, 4-5 klubla oynayıb gücümüzü yoxlayırıq. Bu il də yəqin ki, Türkiyəyə gedərik.

- “Qarabağ”ın bu il çempion olmaq şanslarını necə dəyərləndirirsiz?
- Mənə elə gəlir ki, “Qarabağ” bu il çempion olmaq üçün daha iddialıdır. Bir iki futbolçunu çıxsaq demək olar ki, bütün futbolçular 3-4 ildir bir yerdə oynayırlar və bir- birilərini yaxşı tanıyırlar. Artıq “Qarabağ”ın oturmuş heyəti var. İnşallah bu heyətlə mövsümün sonunda çempion olarıq.

- Sizcə, hansı futbolçunun artıq komandanı tərk etmək vaxtı çatıb?
- Mən bu barədə danışmaq istəməzdim. Komanda da kimin qalıb, kimin gedəcəyinə baş məşqçimiz qərar verəcək. Həm də belə bir suala mənim cavab verməyim o qədər də düzgün alınmaz.

- Avropada hansı ölkənin çempionatında oynamağa qadirsiz?
- Təvazökarlıqdan uzaq olsa da onu deyim ki, məncə, hər ölkənin çempionatında oynaya bilərəm. Lap elə İngiltərə “Premyer Liqası”nda da oynaya bilərəm. Sadəcə olaraq bir az şansa ehtiyacım var.

- Bəs, “Qarabağ”dan başqa hansı kluba azarkeşlik edirsiz?
- Uşaqlıqdan bəri “Fənərbaxça” klubuna azarkeşlik edirəm. Oyunlarını hər zaman izləməyə çalışıram və əldə etdiyi uğurlara sevinirəm.”Fənər” dən başqa artıq bütün dünyanın bir nömrəsi olan “Barselona”nın oyunlarına baxıram və çox zövq alıram .

- Dünən “Qalatasaray” “Fənərbaxça” derbisi oldu. “Fənər”in məğlubiyyəti sizə necə təsir etdi?
- Oyunu izlədim və “Fənər”in məğlub olmasına görə çox məyus oldum. Ümumilikdə “Fənərbaxça” son vaxtlar heç özünə oxşamır, əvvəlki futbolunu oynaya bilmir. Bunun səbəbi də mənə elə gəlir ki, baş məşqçidədir, futbolçulara düzgün istiqamət verə bilmir. “Fənər”ə o məşqçini yaraşdırmıram.

İqbal