Fərhad Əliyevin adamının əmlakı müsadirə olunur

ferhad-eliyevin-adaminin-emlaki-musadire-olunur
Oxunma sayı: 4246


Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin keçmiş silahdaşı, hazırda “NJT-2000 firmasına rəhbərlik edən Təyyar Şükürovun bu dəfə özünün deyil, yaxınlarının əmlaklarının da müsadirə olunmaq təhlükəsi var.

“Qafqazinfo” xəbər verir ki, bu barədə mia.az-a məhkəmə sistemindən daxil olan məlumatda bildirilir ki, Təyyar Şükürov, qardaşı Teyyub Şükürov və digər yaxın qohumları (qadın olduğu üçün adını yazmırıq) «Dəmirbank»dan aldıqları iri məbləğdə krediti ödəyə bilmədiklərindən ciddi problemlərlə üzləşiblər: «Artıq bank Təyyar Şkürovun rəhbərlik etdiyi “NJT-2000” firması ilə bərabər, onun qardaşı Teyyub Xuduş oğlu Şükürovla bir yaxın qohumunu, həmçinin, “Bərəkət-1” MMC-yə qarşı iddia qaldırıb. “Dəmirbank” ASC məhkəmədən və cavabdehlərdən borcun ipoteka predmetinə yönəldilməsi tələb edir».

“Dəmirbank” ASC-nin Nizami rayon Məhkəməsində qaldırdığı iddia mübahisəyə son qoymayıb. Rayon məhkəməsinin qərardadından verilən şikayətə isə bir neçə gün əvvəl Bakı Apellyasiya Məhkəməsində baxılıb: Hakim Natiq Abbasovun sədrliyi ilə şikayət araşdırılıb. İyunun 25-də hakim rayon məhkəməsinin qərardadını ləğv etsə də, qarşı tərəfin verdiyi əlavə vəsatəti təmin etməyib. Gözlənilir ki, Bakı Apellyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə şikayət olunacaq».

Xatırladaq ki, Təyyar Şükürov Respublika Prokurorluğu tərəfindən vaxtı ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə əlbir fəaliyyətdə suçlanıb. Onun barəsində 2 aylıq həbs qərarı da olub. O vaxtlar Baş Prokurorluğunun mətbuat xidmətinin Təyyar Şükürov haqda yaydığı rəsmi xəbəri olduğu kimi diqqətə çatdırırıq: «Təyyar Şükürov 2003-cü ildə Fərhad Əliyevlə qabaqcadan cinayət əlaqəsinə girərək nazirliyin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən investisiya müsabiqəsi əsasında özəlləşdirməyə çıxarılmış Mingəçevir "Azərkabel" ATSC-nin səhm paylarının qalan hissəsinin F.Əliyevin ixtiyarında qalmaq şərti ilə oğlu Rüfət Şükürovun adına rəsmiləşdirib. Beləliklə, F.Əliyevin köməyi ilə külli miqdarda dövlət əmlakı talanıb.

Faktla bağlı CM-nin 32.5-ci (cinayət törətməkdə vasitəçilik) və 179.2-ci (dövlət əmlakını külli miqdarda talama) maddələri ilə cinayət işi açılıb. T.Şükürov barəsində də həbs qəti imkan tədbiri seçilib. Respublika Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi istintaq aparır».