Fərid Hüseyn Serbiyada iki şeir gecəsində iştirak edib

ferid-huseyn-serbiyada-iki-seir-gecesinde-istirak-edib
Oxunma sayı: 1049

Gənc şair Fərid Hüseyn dünyanın nüfuzlu ədəbiyyat tədbiri sayılan, vaxtı ilə Nobel mükafatı laureatları İosif Brodski, İvo Andriç, Çeslav Miloş və s. kimi dünya şöhrətli qələm əhlinin qatıldığı, böyük ənənəyə malik Dünya Yazarlarının 54-cü Beynəlxalq Belqrad Görüşündə (19-23 sentyabr) iştirak edib.

“Qafqazinfo” xxəbər verir ki, tədbir çərçivəsində iki şeir gecəsi keçirilib. Poeziya gecələrindən biri Dunay çayında üzən gəmidə baş tutub. Şeir gecəsinin bu formatda keçirilməsinin məqsədi şairləri Belqradın təbiət gözəllikləri ilə daha yaxından tanış etmək olub. Səyahət zamanı baş tutan poeziya tədbirində Fərid Hüseyn tədbir iştirakçılarına təqdim edilib və şeirlərini oxuyub.

İkinci şeir axşamı Serbiyanın Vrnyaçka-Banya şəhərində keçirilib. Şəhərin Mərkəzi kitabxanasında baş tutan tədbirdə Fərid Hüseyn “Anna Axmatovanın dilindən” adlı şeirini oxuyub və çıxış edib. Daha sonra şeirin serb dilindəki variantını Serbiyanın məşhur aktrisası Yovanna Steviç səsləndirib. 

Dünya yazarlarının builki Belqrad görüşündə iştirak edən şairlər qruplar şəklində 5 yerə bölünərək iki günlük (21-22 sentyabr) Serbiyanın ayrı-ayrı yerlərinə göndəriliblər. Fərid Hüseynin təmsil olunduğu qrup Serbiyanın dilbər guşəsi hesab olunan Vrnyaçka-Banyaya səfər ediblər. Qrupa Predrak Byeloşeviç (Serbiya) Peter Gehriç (Almaniya) Vyaçeslav Kupriyanov (Rusiya), Natalya Rumarçuk (Rusiya), Esad Babaçiç (Sloveniya) Lyadie Romanska (Çexiya) kimi ünlü şairlər daxil edilib. 

Qeyd edək ki, builki görüşə 21 ölkədən 30-dan çox şair iştirak edir. 

Bu il adıçəkilən tədbir Şarl Bodlerin ölümünün 125, Vladislav Petroviçin ölümünün 100, Borislav Peçikin vəfatının 25 illiyinə, Nobel mükafatı laureatı İvo Andriçinin anadan olmasının 125, Filip Visinjiçin 250 illiyinə həsr edilib. 

F.Hüseyn bu mötəbər tədbirə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təqdimatıyla qatılıb.