Fermer nazirə müraciət etdi - “Baytarımız yoxdur”

fermer-nazire-muraciet-etdi
Oxunma sayı: 1433

Şirvan şəhəri, M.Əsədov küç.ev 75-də yaşayan fermer İqbal Mikayılov kənd təsərrüfatı naziri Heydər Əsədova müraciət edib. 

İ. Mikayılov  “Qafqazinfo”ya bildirib ki, 2015-ci ildən  Şirvan şəhərində kəndli fermer təsərrüfatı ilə məşğuldur: “Əsasən də fəaliyyətim qoyunçuluqla bağlıdır. Şirvan şəhəri aran bölgəsində yerləşdiyindən yay mövsümündə havalar həm isti, həm də quraqlıq olur. Ona görə də yayda qoyunlar qızdırır və ağ ciyərlərinə toz yığılır.

Şirvan şəhərində  baytarlıq idarəsi olsa da, cəmi 2 nəfər baytar həkim var.  Onlardan biri başqa işlə məşğuldur.  O biri həkim isə zonalararası baytardır. Ətraf rayonların  kəndlərinin heyvanlarını müalicə edir, süni mayalanmasını həyata keçirir. Bizim çağırışımıza çox çətinliklə, həm də məhdud vaxt çərçivəsində gəlir.  Ona görə də  sizə müraciət edirəm ki,  Baş Baytarlıq İdarəsinin rəisini ayda bir dəfə də olsa Şirvan şəhərinə ezam edəsiniz. 

Mən şəxsən fermer təsərrüfatıyla məşqul olan vətəndaş kimi  baytar idarəsinin rəisini tanımıram. O niyə kabinetindən çölə çıxmır? Hələ bir dəfə kənd təsərrüfatı rayonlarında baş baytar görünməyib. Bu gün min  zəhmətlə, əziyyətlə saxladığım qoyun-quzum xəstəlikdən məhv olur, amma baytar tapmırıq”. 

Günel Türksoy