“FETO”çu məhkəmə zalından azadlığa buraxıldı

fetocu-mehkeme-zalindan-azadliga-buraxildi
Oxunma sayı: 1698

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "FETO"çu olmaqda ittiham edilərək Türkiyədə axtarışa verilən Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə Dövlət Miqrasiya Xidmətindən göndərilən məktub elan olunub. Məktubda qeyd olunub ki, M.Ceyhan Miqrasiya Xidmətinə sığınacaqla bağlı müraciət etsə də, ona rədd cavabı verilib. 

Baş Prokurorluğun dövlət ittihamçısı vəsatət verərək M.Ceyhanın Türkiyəyə ekstradisiya edilməsi təqdimatından imtina etdiklərini bildirib. 

Vəkil çıxışında bildirib ki, prokurorluğun əməkdaşının M.Ceylan barəsində əvvəlcə həbs qərarı seçib, sonra isə imtina etməsi onun da digər dostları kimi məhkəmə binasından çıxan kimi oğurlanacağı deməkdir: "Prokurorluğun vəsatəti təmin edilsin, o, azadlığa buraxılsın. Amma daha sonra Mustafa Ceylanın BMT-də ifadəsi alınmalıdır". 

Məhkəmənin qərarı ilə M.Ceylanın Türkiyəyə ekstradisiya edilməsindən imtina edilib. Onun barəsində həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından azadlığa buraxılıb. 

Xatırladaq ki, bundan öncə iki Türkiyə vətəndaşı Ayhan Səfəroğlu Nərimanov Rayon Məhkəməsində, Ərdoğan Taylan isə Binəqədi Rayon Məhkəməsində azadlığa buraxıldıqdan sonra yoxa çıxması barədə məlumat yayılıb. 

Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceyhan ölkəsinin məhkəmə orqanları tərəfindən Fətullahçı Terror Təşkilatını (FETÖ) üzvü olmaqda ittiham edilərək  axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib. 

Qazax Rayon Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq 1 il müddətinə azadlıqdan məhrum edilib.

Murad Əhməd