Fətullayev Almaniyanın üstünə gedir - “Tüpürüm sizin...”

fetullayev-almaniyanin-ustune-gedir-tupurum-sizin
Oxunma sayı: 657

Bu gün “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri, hüquq müdafiəçisi Eynulla Fətullayev mətbuat konfransı keçirib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, konfransda Eynulla Fətullayev bildirib ki, Azərbaycanda bir çox hüquq müdafiəçiləri tədqiqatlar, araşdırmalar aparır: Layihəni Almaniyada keçirməyim bir sıra sulallar doğurdu. İlk sual bu idi ki, “Görəsən tədqiqat niyə Almaniyadan başladı?” Almaniya və Azərbaycan arasında soyuq münasibətlərin olması da bu sualların yaranmasına zəmin yaratdı.

E. Fətullayev qeyd edib ki, indiyə kimi bir çox beynəlxalq təşkilatlar və xarici jurnalistlər sərbəst şəkildə Azərbaycanda araşdırma aparıblar. Heç kim də burada onlara mane olmayıb. Biz də Almaniya ilə bağlı bir monitorinq keçirdik və hesab edirəm ki, bizə də mane olmamalıdırlar: “Biz bu monitorinqləri İtaliya, Fransa, Ukrayna, Belarusiya, Macarıstanda da həyata keçirəciyik”.

Hüquq müdafiəçisi bildirib ki, onun Almaniya səfirliyi ilə münasibəti yaxşı olub, lakin Bakıya qayıdandan sonra qəribə situasiya ilə qarşılaşıb: “Məndən layihənin maliyyəsinin hansı təşkilat tərəfindən ödəndiyini açıqlamağımı tələb edirdilər. Mən də bildirdim ki, layihəni dəstəkləyənlərdən biri “Black Sea Trast” təşkilatıdır. Almaniyanın Xarici İşlər Nazirliyi həmin təşkilata məktub göndərib ki, bu nə layihədir dəstəkləyirsiniz? Ümumiyyətlə, siz o layihəni dəstəkləyirsinizmi? Mənə maraqlıdır, budurmu demokratik respublika? Mən Azərbaycanda da bu cür vəziyyətlərlə qarşılaşırdım. Onda Almaniyanın buradan nə fərqi oldu?”

E. Fətullayev Almaniyanın təşkilatlara təsir etdiyini bildirib. Əgər mən donorun adını düzgün açıqlasaydım, o zaman gör nələr olardı. Bizim təşkilatın illik büdcəsi 200 min manatdan çox olub. Almaniyaya gedib monitorinq aparmaq elə də böyük maliyyə tələb etmir. Fonddan mənə bildirirlər ki, Almaniya Xarici İşlər Nazirliyi sizinlə əməkdaşlıq etməyi tövsiyə etmir. Amma əksinə mən gözləyirdim ki, Almaniya səfirliyi mənə təşəkkür edəcək.

Fətullayev həmçinin jurnalistlərə Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvellenin Brüssel prezintasiyasından əvvəl ona ünvanladığı rəsmi məktubun surətini göstərib.
Məktubda səfir bildirib ki, bir sıra məruzəçilər və Brüssel tədbirinə dəvət olunanlar E. Fətullayevin prezintasiyasını baykot edəcəklər. Bununla bağlı hüquq müdafiəçisi jurnalistlərə müraciət edib: “Almaniyanın səfiri haradan bilirdi ki, bəzi məruzəçilər tədbirə gəlməyəcək, iştirakdan imtina edəcəklər. Bu bir daha göstərir ki, səfirlik və Almaniya Xarici İşlər Nazirliyi tədbir iştirakçılarına və mənim qonaqlarıma təzyiq edərək tədbirə qatılmamağı tövsiyə ediblər. Bu tədbirin işini pozmaq Almaniya səfirinin işi deyil”.

E.Fətullayev “Amnesty İnternational” təşkilatının Avropa proqramı üzrə direktoru Filip Fortisin ona ünvanladığı məktubun surətini göstərib: “”Amnesty İnternational”ın məlum bəyanatından bir həftə öncə göndərilən bu məktubda təşkilatın rəhbərlərindən biri Brüsseldəki tədbirimi dəstəklədiyini bildirib və uğur arzu edib. Necə ola bilər ki, bir həftə öncə təşkilat mənə uğur arzulayır, sonra isə fəaliyyətimi pisləyir? Çünki bu Almaniya hökumətinin sifarişidir. “Amnesty İnternational” bir sıra alman fondları tərəfindən maliyyələşir”.

Hüquq müdafiəçisi konfrans zamanı müəyyən yazışmalarını da göstərdi. O bildirdi ki, “Amnesty İnternational” təşkilatının nümayəndəsi Maks Taker ona yazıb ki, sən ikinci dəfə tutulsan, səni müdafiə etməyəcəyik: “Tüpürüm sizin müdafiənizə. Belə müdafiə heç mənə lazım deyil. Burda bunu da açıqlayıram ki, “Amnesty İnternational”ın əsas maliyyəçisi Almaniya dövlətidir. Mən Angela Merkelə də müraciət edəcəyəm ki, bunu edənlər cəzalandırılsınlar”.

Tədbirdə iştirak edən Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Fredrik Hanke isə bildirdi ki, Almaniyada Eynulla Fətullayevin layihə keçirməsinə hər hansı problem yaratmayıb: “Black Sea Trast” təşkilatı özü bizə müraciət edib. Biz demirik ki, Almaniyanı tənqid etmək olmaz. Almaniyanın da problemləri var, lakin Almaniya ilə Azərbaycanın problemləri fərqlidir”.

E. Fətullayev isə bildirdi ki, Hanke düzgün danışmır və ondan xahiş etdi ki, Brüselldəki mətbuat konfransını pozmağa cəhd etdikləri kimi burada da keçirilən konfransı pozmasın: “Əgər sizin də jurnalistlərə hər hansı bir sözünüz olsa, mətbuat konfransı təşkil edib söyləyərsiniz. Bu mənim tədbirimdir”.

Hüquq müdafiəçisi layihənin maaliyyə mənbəyini Almaniyada açıqlamasa da konfransda jurnalistlərə açıqlayıb. Onun sözlərinə görə, Almaniyaya səfərlərinin və hazırladıqları hesabatın donoru Almaniyanın Türkiyə üzrə icmasıdır.


Gülnar